"Sistemin öz hədəflərinə çatması və praktiki yararı haqqında danışmaq üçün hələ çox tezdir"

"Sistemin öz hədəflərinə çatması və praktiki yararı haqqında danışmaq üçün hələ çox tezdir"
7 May 2022
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində hədəflənən məsələlərdən biri kimi qeyd olunurdu ki, əmək və məşğulluq sahəsində milli informasiya sistemi yaradılacaq, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili sistemi qurulacaq, qeyri-formal məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlər görüləcək.

Ancaq 2020-ci ilə qədərki dövrdə bu işlərin hansı səviyyədə görülməsi sual altındadır.

AbzasMedia bu istiqamətdə hansı nəticələrin olması ilə bağlı məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Nazirlikdən bildirilib ki, son illər aparılan köklü sosial islahatlar çərçivəsində məşğulluq xidmətlərinin innovativ yanaşmalar əsasında rəqəmsallaşdırılması proqramı da uğurla icra olunub və mühüm islahatlardan biri kimi, “Əmək və məşğulluq” altsistemi (ƏMAS) yaradılıb. Bu da əmək və məşğulluq sahəsində milli informasiya sistemini dolğun şəkildə özündə ehtiva edir. 

ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. 

Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. İşəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS  əmək münasibətlərini tənzimləyir. 

ƏMAS-da işəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunur. Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin edilir. 

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırır. 

Bu e-platforma özündə ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri  əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir. 

Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır.

Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə deyir ki, sözügedən konsepsiyada qeyd olunan əmək və məşğulluq məsələsilə bağlı milli informasiya bazasına yeni yaradılan “Əmək və məşğulluq altsistemi” ƏMAS paltformasını aid edə bilərik.

Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə

Onun sözlərinə görə, ƏMAS ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edir. Əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi və əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsində vacib rol oynaya bilər.

“İşsiz və işaxtaran şəxslər barədə real mənzərəni əks etdirən məlumat bazasına malik altsistem nazirlik, vətəndaş və işəgötürənlər üçün nəzərdə tutulan 3 fərqli moduldan ibarətdir. Vətəndaş e-sosial.az portalı vasitəsilə ƏMAS-a daxil olub işsiz və ya işaxtaran kimi qeydiyyatdan keçərək əmək bacarıqlarına uyğun münasib işlərlə tanış ola və iş üçün müraciətini formalaşdıra bilər. Beləliklə vətəndaş Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq filiallarına müraciət etmədən elektron qaydada istənilən vaxt iş üçün müraciət etmək hüququ əldə edir. Həmçinin işsiz və işaxtaran şəxslər ƏMAS vasitəsilə elektron şəkildə aktiv məşğulluq tədbirlərinə müraciət etmək imkanı da qazanırlar.

Dövlət Məşğulluq Agentliyinin verdiyi məlumatlara görə, sistemin əsas hədəf və vəzifələrindən biri işəgötürənlərlə işsiz və işaxtaranları vahid platformada birləşdirməkdir. Sistem işəgötürənlərə öz vakansiyaları üçün uyğun namizədi, işsiz/işaxtaran vətəndaşlara isə uyğun işi daha qısa müddətə tapmağa kömək edəcək. Sistemin əmək bazarının növbəti illərdə daha dərin təhlilinə imkan yaradacağı düşünülür. Yəni, sistemdə qeydiyyatlar həyata keçirildikdən, vakansiyaların yaranma və dolma proseslərindən, müraciətlərdən sonra kifayət qədər məlumat bazaları formalaşarsa, bunlar da əmək bazarının təhlili ilə yanaşı, həm də dinamik təhlilini də aparmaq imkanı yaradacaq.

Lakin, istənilən halda, sistemin öz hədəflərinə çatması və praktiki yararı haqqında danışmaq üçün hələ çox tezdir. Hələki, sistemin işəgötürənlər və işçilər tərəfindən mənimsənilməsi zəifdir. Həmçinin, sistemin ölkədə məşğulluğa əhəmiyyətli dərəcədə təsir edə biləcəyinə şübhə edirəm. Çünki, Azərbaycanda müəssəsilərin işçi axtarma prosesinə tanışlıq, müxtəlif şəxsi tövsiyələr kimi subyektiv faktorlar güclü təsir edir. Həmçinin, hazırkı vəziyyətdə aktiv vakansiyaların sayı işaxtaranların sayından qat-qat azdır. Digər tərəfdən, sözgüdən sistemin əmək qanunverciliyinə əməl olunmasında necə bir rol oynayacağı da bəlli deyil. Hazırda ölkəmizdə işəgötürənlər tərəfindən işçilərin əmək hüquqlarının pozulması sistematik hal aldığı üçün əmək münasibətlərinin rəqəmsallaşmasının bu mənada xüsusi təsirə malik olmayacağını düşünürəm. Məsələn, işəgötürənlər həmişəki kimi həftəlik 40 saatlıq iş rejimi ilə əmək müqaviləsi bağlayıb işçilərini əlavə ödəniş etmədən həftədə 60-80 saat işlədə biləcəklər. Bu mənada deyə bilərik ki, dəyişən tək şey istismarın rəqəmsallaşması olacaq. Ümumiyyətlə, təkcə əmək münasibətlərinin rəqəmsallaşması bu problemləri həll etməyə kifayət etmir, problemlərin həlli üçün kompleks yanaşma lazımdır”, - deyə Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun