ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə günü Ukrayna baş prokurorunun Ukraynada törədilmiş hərbi cinayətləri və digər vəhşilikləri sənədləşdirmək səylərini dəstəkləmək üçün Böyük Britaniya-Aİ-ABŞ-ın birgə qrupunun yaradıldığını elan edib.
Bu barədə Turan agentliyinin Vaşinqton müxbiri xəbər yayıb. Blinken bildirib ki, Atrocity Crimes Advisory Group (ACA) adlanan yeni mexanizm Ukraynada törədilən vəhşiliklərin təqibinə cavabdeh olan xüsusi istintaq qrupuna strateji məsləhət və əməliyyat yardımı göstərəcək.
Bundan əlavə, ACA artıq regionda yerləşdirilmiş beynəlxalq prokurorlar və digər hərbi cinayətlər üzrə ekspertlər qrupuna əlavə maliyyə vəsaiti verəcək.
Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib: “İlk növbədə, onlar Ukraynada olanları, bu yaxında mühakimə olunan rus əsgəri kimi, mühakimə edəcəklər”.
Xatırladaq ki, bu həftə 21 yaşlı rus əsgəi işğalı başlayandan bəri ilk hərbi məhkəmədə silahsız adamı öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Prays həmçinin Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların artmaqda davam etdiyini bildirib.
“Minlərlə mülki şəxsin ölümünə səbəb olan sıx məskunlaşmış ərazilərə davam edən bomba və raket hücumlarına əlavə olaraq, müxtəlif növ zorakılıqlarla bağlı etibarlı hesabatlar almağa davam edirik. Bunlar silahsız mülki şəxslərin arxadan güllələnməsi, əlləri bağlı edamlar, işgəncələr və qadın və qızların cinsi istismarı ilə bağlı dəhşətli xəbərlərdir”, – Prays deyib.