Rusiyanın BMT-dəki missiyasının müşaviri Boris Bondarev ölkəsinin Ukraynaya qarşı müharibəsini açıq şəkildə pisləyib və istefa verib.
Bu barədə bazar ertəsi Britaniyanın Daily Express nəşri məlumat yayıb.Bondarev bildirib ki, iyirmi illik fəaliyyəti ərzində xarici siyasətlərində müxtəlif dönüşlər müşahidə edib, amma heç vaxt ölkəsi və işi üçün bu il fevralın 24-də olduğu qədər utanmayıb.
"Putinin Ukraynaya, əlsində isə bütün Qərb dünyasına qarşı başlatdığı təcavüzkar müharibə təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də Rusiya xalqına qarşı, yəqin ki, ən ağır cinayətdir, bu cinayət ölkəmmnizdə uğurlu demokratik cəmiyyətin tədrici inkişafına olan bütün ümidlərin üztündən qalın Z hərfi çəkib".Bondarev ildən-ilə yalan və qeyri-peşəkarlığın artdığı Rusiya XİN-i ayrıca tənqid edib.
"Bu gün XİN diplomatiya ilə məşğul olmur. O, yalan yayır, ədavəti və müharibəni qızışdırır. Diplomatiya Rusiya cəmiyyətinin real ehtiyacları ilə heç bir ortaq məxrəci olmayan dar insanlar dairəsinin şəxsi maraqlarına xidmət edir", deyən Bondarev işdən çıxmaq qərarına gəldiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı şərh verməyib.
Bəyanatı Britaniya nəşrinin yerləşdirdiyini nəzərə alsaq, diplomatın bu ölkədən sığınacaq aldığını təxmin etmək olar.