6 May 2022
Mətni dəyiş
Rusiya və Ukrayna arasında sülh danışıqları durğunluq mərhələsindədir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.
Zaytsev danışıqların pozulmasında Ukraynanı günahlandırıb: “Ukraynalı siyasətçilərin bəyanatları onların [danışıqları] davam etdirmək istəmədiklərinin ən parlaq nümunəsidir”.
Diplomat xatırladıb ki, mayın 4-də Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar üçün perspektiv görmədiyini deyib və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “sülh müqaviləsi mümkünlüyünü” rədd edib.
Danışıqların sonuncu üzbəüz raundu aprelin əvvəlində İstanbulda baş tutub. Nəticədə hər iki tərəf danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.
İstanbul danışıqlarından az sonra Moskva Kiyevi uyğunsuzluqda və artıq əldə edilmiş razılaşmalardan uzaqlaşmaq cəhdlərində ittiham etməyə başlayıb. Ukrayna hakimiyyəti, öz növbəsində, zaman keçdikcə Rusiya ordusunun cinayətləri ilə bağlı məlumatlar fonunda Ukrayna cəmiyyətinin Rusiya Federasiyası ilə hər hansı razılaşmaya getdikcə daha az hazır olduğunu bəyan etməyə başlayıb.