17 May 2022
Mətni dəyiş
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, hazırda Moskva və Kiyev arasında sülh danışıqları aparılmır.
“Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxdı” deyən Rudenko Kiyevin Rusiyanın müqavilə layihəsinə cavab vermədiyini bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi danışıqların “əvvəlki mərhələlərində artıq razılaşdırılmış müddəaları ləkələməyə çalışır”.
Daha sonra Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak danışıqlarda fasilə barədə məlumatı təsdiqləyib.
“Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar prosesi dayandırılıb. Lakin o, bərpa olunacaq və mənə elə gəlir ki, Zelenski moderator olacaq”, - Podolyak bildirib. O, əlavə edib ki, Ukrayna “Putinin üzünü xilas etmək üçün” heç nə qurban vermək fikrində deyil, çünki “cəmiyyət çox böyük bədəl ödəyib”.
Danışıqların sonuncu üzbəüz raundu aprelin əvvəlində İstanbulda baş tutub. Nəticədə hər iki tərəf danışıqlar prosesində müəyyən irəliləyişin əldə edildiyini açıqlayıb. Tezliklə Moskva Kiyevi uyğunsuzluqda və artıq əldə edilmiş razılaşmalardan uzaqlaşmaq cəhdlərində ittiham etməyə başlayıb. Ukrayna hakimiyyəti, öz növbəsində, zaman keçdikcə Rusiya ordusunun cinayətləri ilə bağlı məlumatlar fonunda Ukrayna cəmiyyətinin Rusiya Federasiyası ilə hər hansı razılaşmaya getdikcə daha az hazır olduğunu bəyan etməyə başlayıb.