3 May 2022
Mətni dəyiş
Mühasirəyə alınan Mariupolda ˝Azovstal˝ zavodunun ərazisində aktiv döyüşlər yenidən başlayıb. Azov alayının komandir müavini Svyatoslav Palamar "Ukrayinska Pravda"ya bildirib ki, Rusiya ordusu zavoda hücum edib.
Palamarın sözlərinə görə, hücumdan əvvəl Rusiya aviasiyası zavodu bombalayıb. Nəticədə “Azovstal”da gizlənən iki qadın həlak olub.
“Biz bilirik ki, prezidentə Mariupoldakı vəziyyətlə bağlı məlumat verilir və o, hər şeyə nəzarət edir. Ona görə də biz ondan qəti hərəkətlər gözləyirik, çünki vəziyyət çox ağırdır”, - ˝Azov˝dan “Ukrayinska Pravda”ya bildirilib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi zavodun ərazisində döyüşlərin yenidən başladığını təsdiqləyib. Qurumun mətbuat xidmətinin nümayəndəsi Vadim Astafyev RİA Novosti-yə bildirib ki, “Azov” döyüşçüləri və Ukrayna hərbçiləri atəş mövqelərinə çatmaq üçün “Azovstal”da susqunluq rejimindən istifadə ediblər.
“Onlar zirzəmilərdən çıxıb, zavodun ərazisində və binalarında atəş mövqelərini tutublar. İndi Rusiya ordusu və DXR-in bölmələri artilleriya və aviasiyadan istifadə edərək bu atəş mövqelərini məhv etməyə başlayır”, - Astafyev bildirib.
RİA Novosti-nin hadisə yerindən müxbirinin verdiyi məlumata görə, ˝Azovstal˝da artilleriya atəşi eşidilib, zavodun üstündə tüstü zolaqları görünür.
BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə ˝Azovstal˝dan və zavoda ən yaxın evlərdən mülki əhalinin təxliyyəsi zamanı sükut rejimi elan edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 30-da ˝Azovstal˝dan və yaxınlıqdakı evlərdən 46 nəfər təxliyə edilib; onların hamısının “könüllü olaraq DXR-də qalmağa qərar verdiyi” iddia edilir. Ertəsi gün daha 80 nəfər ˝Azovstal˝ı tərk edib, onlardan 11-i “DXR-də qalıb”, 69-u Ukraynanın nəzarətində olan ərazilərə gedib.
Mayın 1-də Ukrayna prezidenti Volodimir Zelenski 100-ə yaxın mülki şəxsin ˝Azovstal˝ı tərk etdiyini bildirib. Mayın 2-də Ukrayna Silahlı Qüvvələri zavoddan təxliyə edilən 100-dən çox qadın, uşaq və qocanın Zaporojyeyə gəldiyini bildirib.
Mariupol şəhərinin meri Vadim Boyçenkonun sözlərinə görə, ˝Azovstal˝da 200-ə yaxın mülki şəxs qalıb. Təxliyədən əvvəl şəhər rəhbərliyi zavodda iki minə yaxın insanın gizləndiyini bildirib.