Rusiya Federasiyası Maliyyə Nazirliyi dövlət büdcəsi ilə bağlı aylıq hesabatını dərc edib.
Bu barədə iqtisadçı ekspert Toğrul Vəliyev 'Telegram' kanalında yazıb. Məlum oldu ki, bu ilin əvvəlindən (yanvar-aprel ayları ərzində) "milli müdafiə" maddəsi üzrə Rusiya 1 trilyon 680,7 milyard rubl xərcləyib. Müqayisə üçün, səhiyyə sisteminə 615 milyard, təhsil sisteminə isə 517 milyard rubl xərclənib.
İqtisadçı bildirir ki, Rusiyada hava limanlarına nəzarət edən dövlət qurumu statistikanın dərcini dayandırıb, amma Maliyyə Nazirliyi məlumatları dərc etməyə qərar verib.
Toğrul Vəliyev Rusiyanın 2022-ci ilin ilk rübündə hərbi xərclərini aylar üzrə qeyd edib:
Yanvar - 233,7 milyard rubl (müharibə və ona hazırlığın aktiv mərhələsi başlamayıb)
Fevral - 369 milyard rubl (artıq hərbi qüvvələrin sərhədlərdə yerləşdirilməsi prosesi aktiv mərhələyə keçib və ayın sonu müharibə başlayıb)
Mart - 450 milyard rubl (günə 14 milyard rubl)
Aprel - 628 milyard rubl (günə 21 milyard rubl)
"Əgər bu günə təyin olunan məzənnə ilə manata çevirsək, bu o deməkdir ki, Rusiya ordusu mart ayında gündəlik 368,2 milyon manat, aprel ayında isə 552 milyon manat xərcləyib. Günə 550 milyon manat. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çoxdur", - deyə iqtisadçı qeyd edib.
Ekspertin sözlərinə görə, bura bir sıra digər maddələr üzrə xərcləri əlavə edilərsə, bu rəqəm ən azı 1,2-1,5 dəfə artacaq: "Nəticə etibarilə Rusiya dövlət büdcəsi artan neft və təbii qaz qiymətləri fonunda artıq defisit ilə üzləşib, aprel ayında 262,3 milyard rubl".