Rusiya Baş Prokurorluğu Ukraynanın “Azov” alayının terror təşkilatı kimi tanınması və ölkədə fəaliyyətinin qadağan edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Məhkəmə iclası mayın 26-da bağlı qapılar arxasında keçiriləcək.
“Rusiya Ədliyyə Nazirliyi bildirir ki, “Azov” Ukrayna hərbiləşdirilmiş millətçi birliyinin (digər adlar: Azov batalyonu, Azov alayı) terror təşkilatı kimi tanınması və Rusiya Federasiyası ərazisində fəaliyyətinə qadağa qoyulması ilə bağlı inzibati işə baxış mayın 26-da Moskva vaxtı ilə saat 10:00-da Rusiya Ali Məhkəməsinin binasında keçiriləcək”, - məlumatda deyilir.
Bir gün əvvəl "Azov" alayının 300-ə yaxın hərbçisi Rusiya hərbçiləri tərəfindən işğal olunmuş Mariupoldakı “Azovstal” zavodundan Rusiya hərbçilərinin nəzarətində olan əraziyə aparılıb. Ukrayna hakimiyyəti onların mübadilə edilməli olduğunu iddia edir, Rusiya tərəfi bu məlumatı şərh etmir.
Bundan əvvəl Ukraynanın "Azov" alayının komandiri Denis Prokopenkonun “həyatları xilas etmək üçün bütün Mariupol qarnizonu ali hərbi komandanlığın təsdiq edilmiş qərarını yerinə yetirir və Ukrayna xalqının dəstəyinə ümid edir" dediyi video yayımlanmışdı. Açıqlamada söhbətin hansı qərardan getdiyi bildirilməmişdi.
Ukraynanın “Azov” alayı heç vaxt Rusiyada qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməyib. Yalnız “Azov”un simvolları qadağan edilib.
Rusiya Ədliyyə Nazirliyinin 3269 nömrəli ekstremist materialların Federal siyahısına "Azov" batalyonunun şevronunun təsviri ilə "Maydandan Azova qədər Qəhrəmanlara eşq olsun, Ukrayna hələ ölməyib" yazılı qrafik şəkillər daxildir. "Azov" batalyonunun şevronu “AZOV” yazısı, “Qurd caynağı” nişanı, “qara günəş” ağ nişanı, “volfsangel” ağ nişanından ibarətdir.