30 May 2022
Mətni dəyiş
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko mayın 30-da Ukraynadan Polşaya gedib. Bundan əvvəl, mayın 28-də o, iki dəfə dövlət sərhədini keçməyə cəhd etsə də, ölkədən buraxılmayıb.
Mayın 30-da Poroşenko "Facebook"-da Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskiyə açıq məktubu ünvanlayıb. Ukraynanın keçmiş prezidenti xüsusilə Rotterdama Avropa Xalq Partiyasının qurultayına və sammitinə rəsmi dəvətlə getdiyinə işarə edib.
Poroşenkonun sözlərinə görə, səfərin məqsədləri aşağıdakılardır: Ukraynaya iyunda Aİ üzvlüyünə namizəd statusu vermək, Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləmək və yeni sanksiyalara nail olmaq, o cümlədən maliyyə yardımı almaq və müharibədən sonra ölkənin yenidən qurulması. Ukraynanın keçmiş prezidenti vurğulayıb ki, müharibə zamanı müdriklik və daxili birlik nümayiş etdirmək son dərəcə vacibdir.
Ukrayna KİV-lərinin, o cümlədən “Hromadske” və “Ukrayinska Pravda”nın yazdığına görə, müraciətin dərcindən az sonra Poroşenko sərhədi keçib.
Poroşenko NATO Parlament Assambleyasının iclasına getmək üçün Ukraynanı tərk etmək üçün iki dəfə cəhd edib. Onun getməyə icazəsi olub, lakin ukraynalı sərhədçilər əvvəlcə QR kodu oxuya bilməyiblər, sonra isə Ukraynanın keçmiş prezidentində lazımi sənədlərin olmadığını bildiriblər.
Ukraynanın hüquq-mühafizə orqanları Poroşenkonu 2014-2015-ci illərdə özünü müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarından kömür tədarükü ilə bağlı iş çərçivəsində dövlətə xəyanətdə, terror təşkilatlarına yardımda və terroru maliyyələşdirməkdə ittiham edir. Poroşenkonun pasportunu təhvil verməsi şərti ilə “şəxsi öhdəlik” şəklində həbs-qətimkan tədbiri seçilib.