17 May 2022
Mətni dəyiş
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən yubiley sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə hərbi bloku "Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə soxulmasına lazımi cavab vermədiyinə görə" tənqid edib.
"Bu, Ermənistan üçün vacib məsələdir", - Paşinyan bildirib. - Keçən il məhz bu günlərdə Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulublar. Ermənistan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 10 dekabr 2010-cu il tarixli böhran vəziyyətlərinə reaksiya proseduru haqqında Əsasnamə”də nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək üçün KTMT-yə müraciət edib. Bu sənəd Kollektiv Təhlükəsizlik Şurası tərəfindən bəyənilib, lakin təəssüf ki, təşkilatın Ermənistan Respublikasının gözlədiyi kimi reaksiya verdiyini söyləmək olmaz”.
Hazırda təşkilata sədrlik edən Ermənistan rəhbəri bu barədə Kremldə KTMT-yə üzv dövlətlərin başçılarının, o cümlədən Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən iclasda deyib və əlavə edib ki, uzun illərdir ki, KTMT-yə üzv dövlətlər Bakıya silah satırlar. “Biz uzun müddət KTMT-yə üzv dövlətlərin Ermənistana dost olmayan ölkəyə silah satması məsələsini qaldırmışıq. Nəticədə bu silahlardan Ermənistana qarşı, erməni xalqına qarşı istifadə olundu. Və bu da problemdir”.
Paşinyan həmçinin 2020-ci ildə Dağlıq Qarabağda 44 günlük müharibə zamanı və ondan sonra KTMT-yə üzv ölkələrin reaksiyasını tənqid edərək, Dağlıq Qarabağda müharibənin dayandırılmasında Rusiya və Rusiya prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirib.
Ermənistan lideri həmçinin KTMT-nin gələcək inkişafının vacibliyini vurğulayıb və qeyd edib ki, o, təşkilatı Avrasiya regionunun və Ermənistanın sabitlik və təhlükəsizliyinin təmin edilməsində əsas amil hesab edir.