Ölkədə narkomaniya ilə mübarizədə hansı tədbirlər görülüb?

Ölkədə narkomaniya ilə mübarizədə hansı tədbirlər görülüb?
2 May 2022
Mətni dəyiş

Uzun zamandır ölkənin əsas gündəm mövzularından biri də narkomaniya ilə mübarizədir.


Rəsmi statistikaya görə, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər olub, 2020-ci ildə bu rəqəm sürətlə arataraq 33 min 788 nəfərə çatıb. 2021-ci ildə isə bu rəqəm 34 min 602 nəfər olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı məlumata görə isə 2022-ci ilin ilk 5 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33 893 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunub.

Rəsmi rəqəmlərdəki artımı və real rəqəmlərin rəsmi rəqəmlərdən dəfələrlə çox olduğunu nəzərə alsaq, aydındır ki, vəziyyət illər keçdikcə yaxşılaşmayıb, daha da pisləşib.

Lakin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu problemlər böyük ölçüdə öz həllini tapmalı idi.

Konsepsiyada deyilirdi ki, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizə müxtəlif  dövlət proqramları vasitəsilə həyata keçiriləcək və bu istiqamətdə kompleks tədbirlər təmin ediləcək. Ancaq hansı tədbirlərin görülməsi və effektivliyi böyük sual altındadır.

AbzasMedia məsələ ilə bağlı informasiya almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu sitiqamət üzrə əhalinin müxtəlif yaş və həssas qrupları arasında marifləndirmə işləri aparılıb və marifləndirici tədbirlər bu gün də davam edir.

Sosioloq Lalə Mehralı deyir ki, bu istiqamətdə atılan addımlar effektiv olmadı, vəziyyət daha da pisləşdi.

Sosioloq Lalə Mehralı

Onun sözlərinə görə, narkotikin əsirinə çevrilmiş, alkoqolizmdən əziyyət çəkən gənclər hələ də olduqca çoxdur.

“Bu istiqamətdə daha çox işlər görülməlidir və qoyulan hədəflər dəyirmi masalarda, kağızlarda qalmamalıdır. Doğrudur, biz hər şeyin konespsiyasını, qanunu, qaydasını lazımınca edirik, ancaq çox təəssüf ki, hər şey kağız üzərində qalır. Kağızdan real tətbiqə keçmək üçün gecikmişik. Biz bunu hazırda narkotikdən əziyyət çəkən uşaqları, qadınları görəndə dərk edirik. Biz bu gün narkomaniya əleyhinə nə qədər çox tədbir keçirtsək, o qarşısını o qədər çox aldığımızı düşünürük, amma səhv edirik. Belə tədbirlər nəticə vermir, daha ciddi işlər görmək lazımdır. Bu istiqamətdə fəaliyyət gösrətən QHT-lər dövlətlə birlikdə daha ciddi işlər görməlidirlər”, - deyə sosioloq Lalə mehralı bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun