Oliqarx Tinkov Rusiyanı tərk etdiyini açıqlayıb: "Ukrayna qalib gələcək!"

Oliqarx Tinkov Rusiyanı tərk etdiyini açıqlayıb: "Ukrayna qalib gələcək!"
3 May 2022
Mətni dəyiş
Sosial şəbəkədə müharibə əleyhinə yazdığı yazıya görə öz bankında paydan məhrum edilən rusiyalı bankir Oleq Tinkov Rusiya Federasiyasından mühacirət etdiyini açıqlayıb və ukraynalı uşaq və qadınları öldürən bir ölkədə rahat pul qazana bilməyəcəyini bildirib. O, bu barədə İnstaqramda məlumat verib. "Əlvida, Tinkoff Bank! Əlvida, Rusiya! Rusiyada mənim heç nəyim qalmayıb. Bu da Rusiya üçün pisdir. Rejimin sayəsində yox, ona rəğmən sıfırdan 4 fərqli biznes qurmağı bacaran bir neçə adamdan biri idim! Zirvədə olarkən ˝Forbes˝ mənim sərvətimi 9,4 milyard dollar dəyərində qiymətləndirmişdi. Mən fəxr edirdim, lakin məbləğlə deyil, korrupsiyalaşmış və arxaik Rusiyada vicdanlı, azad və Amerika tipli biznes qurmağın mümkünlüyü ilə qürur duyurdum”, Tinkov yazıb. İş adamı əlavə edib ki, heç vaxt rüşvət verməyib, məmurlarla işgüzar münasibət qurmayıb, dost-tanış işə götürməyib. Məhz buna görə də ölkədə birinci ola biləcək ikinci bankı tikmək mümkün olub, çünki “təhlükəsizlik qüvvələrinin uşaqları və dostları” yaradıcılığa və müasirliyə heç nə ilə qarşı çıxa bilməzdilər. "Təəssüf ki, mənim ölkəm nəhayət arxaizmə, paternalizmə və quldarlığa sürükləndi. Rusiya artıq yoxdur. Və şəxsən mənə, ən ağır qan xərçəngi - leykemiya ilə mübarizə aparan bir insana qarşı təhdidlər, sadəcə bir fikrə görə, mənim səmimi fikrimə görə cəzalandırmaq, rejimin tamamilə insanlıqdan çıxmasından xəbər verir. Tanrı sizi qorusun, Kreml və Lubyanka sakinləri!”, - iş adamı vurğulayıb. O, həmçinin biznesini tez bir zamanda "yaxınlaşan bu cəhənnəmdən" satın alıb çıxaran rusiyalı iş adamı Vladimir Potaninə təşəkkür edib. "Heç bir milyard/milyon uşağın göz yaşlarına dəyməz! Mən hər şeyi itirmişəm, amma ruhumu itirməmişəm. Qonşu ilə müharibə aparan, dinc insanları, uşaqları öldürən ölkədə asanlıqla pul qazana bilmərəm. Hər hansı bir səbəbə ehtiyacım yoxdur! Bu, pislikdir və mən yaxşılığın tərəfindəyəm! Yaşamaq üçün nə qədər vaxtımın qaldığını bilmirəm, amma bu milyardlarla bütün rus oliqarxlarının 90 faizi kimi "pis, qorxaq˝ kimi ölmək istəmirəm. Qorxaqlar, sizin bir həyatınız var və onu insan kimi yaşamaq lazımdır", o deyib. Tinkov Rusiyadan özü ilə ˝TINKOFF˝ və ˝LA DATCHA˝ brendlərini apardığını açıqlayıb. "Onlar mənim ailəmə aiddir, mən onları rus əsgərlərinin və Ukrayna sakinlərinin qanı ilə kirləndirmək istəmirəm! Ukrayna qalib gələcək, çünki xeyir həmişə şərə qalib gəlir, bizə məktəbdə bunu öyrədirdilər! Mən bura daha qayıtmayacağam”, - deyə iş adamı yekunlaşdırıb. UNİAN bildirir ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Əvvəlcə düşmən hərbi obyektləri bombalayıb, sonra isə dinc əhaliyə hücum edib. Eyni zamanda, ˝Tinkoff Bank˝-ın təsisçisi Oleq Tinkov Ukrayna ilə müharibəyə ilk qarşı çıxanlardan biri olub. O, insanların ölümünün qəbuledilməz olduğuna diqqət çəkib. Oxşar bəyanatlarla rusiyalı milyarder Mixail Fridman (Alfa qrupu), eləcə də Rusiya Federasiyası prezidentinə yaxın olan Oleq Deripaska (Rusal) çıxış ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun