3 May 2022
Mətni dəyiş
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Yerbol Nazarbayev Korrupsiyaya Qarşı Mübarizə Xidmətindən azad edilib, “İnterfaks” qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Yerbol Nazarbayev xidmətin sədrinin əmri ilə 26 yanvar 2022-ci il tarixində qurumun xüsusi departamentinin rəis müavini vəzifəsindən azad edilib.
“2022-ci il aprelin 14-də o, Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin orqanlarından xaric edilib”, - məlumatda deyilir.
Yerbol Nazarbayev Nursultan Nazarbayevin qardaşının (Bolat) oğludur.
Bundan əvvəl sosial şəbəkələrdə Yerbol Nazarbayevə oxşayan şəxsin təsvir olunduğu video yayılıb. Görüntülərdən görünür ki, polis onu qara şüşəli avtomobildə saxlayıb.
Daha əvvəl Qazaxıstan parlamentinin Nursultan Nazarbayevə bir sıra imtiyazlar və səlahiyyətlər verən Qazaxıstanın ilk prezidenti - Elbaşı haqqında qanunu ləğv etməyi planlaşdırdığı bildirilirdi.
Qeyd olunub ki, konstitusiyaya edilən dəyişikliklər Elbaşının statusunu istisna edir, Nazarbayevin dövlətin qurucusu kimi rolu isə konstitusiyada qalır.