Naxçıvanda hərbçilərin hərbi maşınları öz hesablarına təmir etdikləri iddia olunur

Naxçıvanda hərbçilərin hərbi maşınları öz hesablarına təmir etdikləri iddia olunur
17 May 2022
Mətni dəyiş

Naxçıvanda hərbi texnikaların hərbçilərin maddi imkanı hesabına təmir edildiyi iddia olunur.

Bu barədə “Gündəlik Naxçıvan” təşəbbüsünə bir qrup hərbçi məlumat verib. Onlar deyir ki, hərbi texnikalar xarab olduqda onları bu hissələri satın alıb, maşını təmir etməyə məcbur edirlər.

Adının çəkilməsini istəməyən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbçilərdən biri deyir ki, hərbi texnikaya cavabdeh olan sürücülər təmir xərclərini də öz cibindən qarşılamalı olur:

"Özüm də sürücüyəm. Bu yaxınlarda cavabdeh olduğum texnika xarab oldu, 3 min manata yaxın xərci var idi. Dedilər, ya özün düzəltdirəcəksən, ya da həbsə göndərəcəyik. Məcbur qalıb maaş kartımı girov qoyub ehtiyat hissələri aldım. Hər ay maaşımı çəkib yarısını mənə verirlər, yarısını özləri götürür. Borcun içində batıram. Bu vəziyyətdə olan tək mən mən deyiləm, başqaları da var", deyə bildirib.

MAXE-nin sözlərinə görə, Naxçıvan şəhəri, 3-cü mikrorayonda yerləşən maşın bazarında hərbiyə aid maşın yağı, antifriz, təkər və motor hissələri tapmaq olar.

Digər hərbçi isə bildirib ki, ehtiyat hissələrin pulunu ödəyə bilməyənlərin arasında intihar edənlər də olur.

"Ötən il bir nəfərə də 10 min yüklədilər. Dedilər, verməsə, fərari kimi həbs olunacaq. 28 yaşında cavan adam idi, intihar etdi. Uşaqları da yetim qaldı".

Şikayət edən hərbçilər vurğulayıblar ki, texniki hissələrin bazarda satışına Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev rəhbərlik edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun