MTN işi: "Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər"

MTN işi: "Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər"
18 May 2022
Mətni dəyiş

MTN işində zərərçəkən kimi tnınan şəxslər hazırda azadlıqda olan təqsirləndirilən şəxslərin də həbsini tələb edirlər.

Mayın 17-də Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Elbəy Allahverdiyev bu dəfə də mətbuat nümayəndələrini açıq məhkəmə prosesinə buraxmayıb.

Hakim vəsatətləri qəbul etməyib

Zərərçəkənlər iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbsini tələb ediblər. Deyiblər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. Onların sözlərinə görə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər günahlarını boynuna almırlar, cinayətlərini etiraf etmirlər və dəymiş maddi ziyanı ödəmirlər. Bununla belə, başqa yerə getməmək haqqında iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar.

Zərərçəkənlər, onların vəkilləri bildiriblər ki, Baş prokurorun 1-ci müavini Elçin Məmmədovun təsdiq etdiyi ittiham aktı ilə də, 7 aydan artıq davam edən məhkəmə proseslərində də konkret faktlarla hər 3 təqsirləndirilən şəxsin Mövlam Şıxəliyevlə əlbir olub onlara qarşı cinayət törətdikləri təsbit olunub. Belə bir halda 3 təqsirləndirilən şəxsin azadlıqda qalması məntiqdən kənardır.

Hakim Elbəy Allahverdiyev şifahi və yazılı vəsatətləri müzakirə etməyib.

Etibar Əliyev sərbəst ifadə verib

Prosesdə “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Etibar Əliyev zərərçəkmiş qismində ifadə verib. O deyib ki, 6 mart 2012-ci ildə MTN-in əməliyyat qrupu tərəfindən saxlanılıb. Heç bir əsas göstərmədən onu MTN-in İstintaq Baş İdarəsinə aparıblar. Əməliyyat qrupu onu idarə rəisinin müavini Təhsin Ağayevə və şöbə rəisi Vüsal Ələkbərova təhvil verib. Elə həmin gün barəsində əsassız olaraq cinayət işi başlanıb və tutulub:

“Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Elə danışırdılar ki, mənim həbsimi prezidentlə razılaşdırıblar. Dövlət başçısı həbsim barədə məlumatlıdır. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil. Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi”.

Etibar Əliyev deyib ki, həbsdə olduğu vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırılıb. Vüsal Ələkbərov və Təhsin Ağayev ondan külli miqdarda pul tələb edib:

“İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan Akademik Həsən Əliyev küçəsi 63 ünvanında yerləşən 5 mərtəbəli evin sənədlərini də götürmüşdülər. Vüsal da, bu gün dovşan kimi gizlənən Təhsin də deyirdilər ki, rəhbərliyin göstərişinə əsasən həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməliyəm. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir”.

“Deyirdilər ki, oğlunu həbs etmək üçün kifayət qədər materiallar var”

Zərərçəkən deyib ki, MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ alıblar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdüblər. Bankı talan ediblər, müflis duruma salıblar.

“Mənə də deyirdilər ki, istintaq aparılır, Mövlam Şıxəliyev əziyyət çəkib, ev onun haqqıdır, verməlisən. Evi dediyimiz adama verməlisən. Əks halda oğlun Kəramətin də barəsində cinayət işi başlanacaq. Deyirdilər ki, oğlunu həbs etmək üçün kifayət qədər materiallar var. Vüsalın və Təhsinin təklifini rədd elədim. Bundan sonra öyrəndim ki, bunlar oğlum Kəraməti hər gün MTN-in İstintaq Baş İdarəsinə çağırıb incidir, psixoloji təzyiqlərə məruz qoyurlar”, – Etibar Əliyev deyib.

Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsini daşıyan Mövlam Şıxəliyev onu qəbul edib:

“Məni İstintaq Təcridxanasından Mövlam Şıxəliyevin kabinetinə apardılar. Orada təklikdə söhbət etdik. Mövlam Şixəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyi tələb edirdi. Deyirdi ki, bu rəhbərliyin göstərişidir, ev onların adamına verilməlidir. Çox ciddi olaraq evi dedikləri adamın adına keçirilməsini tələb edirdi. Mövlam Şixəliyevdən evi kimə və niyə verməli olduğumu soruşdum. Dedi ki, tələb belədir ki, evi onların dediyi adama verməlisən”.

Növbəti gün Təhsin Ağayev onu öz xidməti otağına gətizdirib:

“Oğlum Kəramət otaqda idi. Vüsal Ələkbərov da orada iştirak edirdi. Oğlum Kəramət çox gərgin, sıxıntılı durumda idi. Fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı olduğumu dedim. Vüsalla Təhsinin gözləri parıldayırdı. Sevindiklərini gizlətmirdilər”.

“Ev 3 milyona satıldı”

Zərərçəkən deyib ki, zorla, təzyiqlə razılıq verəndən sonra Vüsal Ələkbərov 6 saylı notariat kontorunun notariusu Ərəstun İmanovu təcrixdxanaya çağırıb:

“Təcridxananın rəisinin otağında Ərəstun İmanovla görüşdüm. Evin satılmasına etiraz etmədiyim barədə ərizəni və notariat kitabında qrafanı imzaladım. Bundan sonrakı vaxtlarda vəkilin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən bildim ki, həmin evi 3 milyon manata satıblar. Amma evin kimin adına alqı-satqı edilməsindən xəbəri olmadı. Həmin gündən etibarən oğlum Kəraməti daha MTN-nə çağırmadılar. Mənim özümü də 2012-ci il, noyabrın 16-da həbsdən azad etdilər”.

Zərərçəkən deyib ki, həbsdən azad ediləndən sonra bir neçə dəfə Mövlam Şixəliyevlə görüşüb:

[caption id="attachment_98540" align="aligncenter" width="1200"] Mövlam Şıxəliyev[/caption]

“Mövlam Şıxəliyevə dedim ki, evimi əlimdən almaqda düz iş görmədin. O da dedi ki, “mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var”. Mən həbsdən azad ediləndən sonra araşdırdım, öyrəndim ki, 11 sentyabr 2012-ci ildə evimi alqı-satqı yolu ilə Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Ev sonradan etibarnamə əsasında Rizvan Hacıyevin adına, 2014-cü ildə onun adından Nazilə Rüstəmovanın adına keçirilib. Mən nə Eldarı, nə Rizvanı, nə də ki, Naziləni tanımışam”.

Etibar Əliyev 2015-ci ildə, MTN ləğv ediləndən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edib, alqı-satqı müqavilələrinin ləğv olunması, təzyiqlə əlindən alınan evinin geri qaytarılması iddiasını qaldırıb. Məhkəmə 24 noyabr 2016-cı ildə evin ona qaytarılması barədə qərar qəbul edib:

“Cavabdehlər apelyasiya şikayəti verdilər. Bu dəfə qərar onların xeyrinə verildi. Ali Məhkəməyə müraciət elədim. O zaman tanışım, əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət elədi, dedi ki, Eldar Ələkbərov onun qohumudur. Obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satıb. Buna görə də imkan varsa iddiadan imtina edim. Anar Həmzəyev məni İlham Əliyevlə Həsən Əliyev küçəsindəki “Dəniz İnciləri” restoranında görüşdürdü. Söhbət zamanı İlham Əliyevə razılıq verdim və buna görə də kassasiya instansiyası evlə bağlı Nazilə Rüstəmovanın xeyrinə qərar çıxardı”.

Etibar Əliyevin sözlərinə görə, sonradan başa düşüb ki, evi məhz Anar Həmzəyevin özü və ya qohumları alaraq Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Buna görə Anar Həmzəyev özü də ortalığa düşərək onu fikrindən çəkindirmək üçün İlham Əliyevi görüşə gətirib.

Zərərçəkən deyib ki, o, həbsdə olduğu dövrdə oğlundan külli miqdarda pul alınıb:

“Oğlum Kəramət bankdan götürdüyü pulları MTN-in inzibati binasına yaxın ərazidə Vüsal Ələkbərov və Təhsin Ağayevə verib. Həmin zaman şikayət etmədim. Çünki Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-in məhkəməyə təsir edəcəyindən qorxurdum. Eldar Mahmudov, Mövlam Şixəliyev, Təhsin Ağayev və Vüsal Ələkbərovun bu cür qanunsuzluqlarla axır-əvvəl ifşa olunacaqlarına əmin idim. Buna görə də gözləmə mövqeyi tutmuşdum”. “Həbsdən azad olunandan sonra, 2015-ci ilədək dəfələrlə MTN-nə Mövlam Şıxəliyevin otağına getmişəm. Bəraət almağa köməklik olunmasını istəmişəm. Mövlam Şəxliyev isə deyirdi ki, kömək edə bilməyəcək. Deyirdi ki, sənə bəraət verilsə, Vüsalla Təhsinin tutulmalıdır”, – zərərçəkən deyib.

“Banka pul qoyan adamları çağırıb pullarını alıblar”

Etibar Əliyev bildirib ki, onun barəsində istintaq edilən cinayət işi üzrə guya onunla əlbir olmaqla günahlandırılan bir qrup şəxsdən Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayevin müxtəlif məbləğlərdə pul tələb edib alıblar:

“Banka pul qoyan adamları çağırıb pullarını alıblar. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov Nizami Kazımovdan 2 milyon dollar, Hüseyn Səfərovdan 2 milyon dollar, Namil Rzayevdən 500 min dollar, Elşən Mədətovdan 250 min dollar, Mehrac Qurbanovdan 200 min dollar, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanovdan 1 milyon manat, Rauf Kərimovdan 1 milyon manat alıblar. Mövlam, Təhsin və Vüsal birlikdə “Texnikabank”ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıblar”.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.

Zərərçəkən Zaur Əliyevin “sizə kim dedi ki, həbsiniz dövlət başçısı ilə razılaşdırıb” sualına Etibar Əliyev belə cavab verib:

“Mənə bu haqda Mövlam Şıxəliyev demişdi. Sonradan Eldar Mahmudov da mənimlə görüşəndə onun dediyini təsdiq etmişdi”.

“Məndən tutulmamağım üçün 3 milyon manat tələb edirdilər”

Bundan sonra Etibar Əliyevin oğlu Kəramət Əliyev də zərərçəkmiş şəxs qismində sərbəst ifadə verib:

“2012-ci il martın 6-da Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu atamı evin qarşısında tutub İstintaq Baş İdarəsinə apardılar. Sonrakı günlərdə məni də istintaqa çağırdılar. Məni şöbə rəisi Vüsal Ələkbərov qəbul etdi. Dedi ki, üzünə adam qoyub tutacağam. Guya kassadan kimsə pul götürüb mənə verib. Vüsala belə bir şey olmadığını dedim. Vüsal üzümə adam qoyacağını və məni tutacağını deyirdi. Növbəti günlərdə Vüsal və rəis müavini Təhsin məni mütamadi olaraq çağırıb şifahi dindirir, tutacaqları ilə hədələyirdilər. Təhsin və Vüsal görüş zamanı məndən tutulmamağım üçün 3 milyon manat tələb edirdilər. Deyirdilər ki, Mövlam Şixəliyevin tələbi belədir, mənim məsələmin atamın məsələsinə aidiyyəti yoxdur”.

Zərərçəkən deyib ki, həmin günlərdə Vüsal Ələkbərov onunla telefonla əlaqə saxlayaraq həbsdə olan atası ilə danışmasına şərait yaradıb:

“Atam qısa danışdı. Dedi ki, öz işini həll elə. Atam mənə görə narahat idi. Ona görə də Mövlam Şixəliyevin Vüsal və Təhsin vasitəsi ilə irəli sürdüyü tələblə razılaşdım. Onlara dedim ki, 500 min avro pul düzəldə bilərəm. Bundan sonra Təhsin məndən Mövlam Şixəliyevin pulu nə zaman verəcəyimlə maraqlandığını dedi, nə cavab verməsi barədə soruşdu. Mən də Təhsinə atamın dostu, türk iş adamı Əhmədə borc üçün müraciət etdiyimi dedim”.

[caption id="attachment_40250" align="aligncenter" width="900"] Keçmiş MTN rəhbəri Eldar Mahmudov[/caption]

Kəramət Əliyevin sözlərinə görə, Təhsin Əhmədə zəng edib “Kəramət sənə nəsə deyib?” soruşub. O da cavabında təsdiqləyib:

“3-4 gün sonra Əhməd 500 min avro pulu özünün “Port Baku”da yerləşən ofisində mənə verdi. Pulu həmin gün MTN-nin arxa qapısı, poliklinika tərəfdə Vüsal Ələkbərova verdim. Vüsal Ələkbərov nə qədər pul olduğunu soruşdu. Cəmi 500 min avro düzəldə bildiyimi dedim. O da Mövlam Şixəliyevin 3 milyon manat istədiyini deyib 500 min avroya razı olmayacağını bildirdi. Bundan artıq pul düzəldə bilməyəciyimi dedim. Vüsal pulu götürüb getdi”. Kəramət Əliyev deyir ki, pulu alandan sonra bir müddət Təhsin və Vüsal onu narahat etməyiblər:

“Sonra da Vüsal və Təhsin mənə əmlaklarımı satıb pul düzəltməyi təklif elədilər. Dedim ki, əmlaklarım həbsdədir. 2012-ci ilin sentyabr ayının əvvəllərində Vüsal Ələkbərov zəng elədi, məni MTN-ə dəvət etdi. Orada pulu tam verməyi istədi. Vüsala məsələnin həll olunduğunu dedikdə “axı mən kiməm ki, ay Kəramət?” dedi. İsrarla pulun olmadığını deyəndə Vüsal Həsən Əliyev 63 ünvanında 5 mərtəbəli binanı onların adamına satmağımızı istədi. Dedi ki, həmin əmlakı həbsdən çıxaracaqlar”.

2012-ci ilin sentyabrında atası Vüsal Ələkbərovun mobil nömrəsindən ona zəng edib. Danışıq zamanı “Vüsalın dediyi məsələni Allah xətrinə həll edin, mən sizdən narahatam” deyib.

Kəramət Əliyevin sözlərinə görə, atasının əmlakın satılmasını və pulun MTN-ə verilməsini istədiyini başa düşüb. Əmlak anası Esmira Bayramovanın adına olub. 2012- ci ilin sentyabrın əvvəllərində Vüsal Ələkbərovla birlikdə Nərimanov rayonunda yerləşən dövlət əmlakının qeydiyyat idarəsinə gedib. Vüsal Ələkbərov idarə rəisinin yanına girib. Təxminən yarım saatdan sonra əmlak üzərindən həbs götürülüb. Bundan sonra mənzil satılııb.

“Həmin gün pulu aparıb Vüsal və Təhsinə verdim. Vüsalla telefonda danışıb MTN-in inzibati binasının yaxınlılığında yerləşən “İmperator” restoranın yanında onunla görüşdüm. Vüsal və Təhsin həmin vaxt ora “Tofaş” markalı, qəhvəyi rəngli maşınla gəlmişdilər. Hər ikisi maşından düşərək mənim maşınıma yaxınlaşdılar və 3 milyon manat pulu 2 ədəd qara rəngli idman sumkalarında aldılar. Təhsin Ağayev dedi ki, çantalar ağırdır, gücü çatmır. Bundan sonra məni narahat etmədilər. Təxminən 2-3 gün sonra Eldar dedikləri şəxslə birlikdə evə getdik. Eldar məndən hallalıq istədi. Mən də dedim ki, halallıq vermirəm. Çünki evi ailəmizdən zorla alıblar”.

Bu epizod üzrə şahidlər dindirildikdən sonra proses təxirə salınıb.

Meydan TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun