24 May 2022
Mətni dəyiş
Moldovanın keçmiş prezidenti İqor Dodon evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Axtarışlar “passiv korrupsiya”, dövlətə xəyanət, qanunsuz varlanma və siyasi partiyanın cinayət təşkilatından maliyyə qəbulu ilə bağlı işin tərkib hissəsidir.
Dodonun fəxri prezidenti olduğu Sosialistlər Partiyası Moldova hakimiyyətini ölkənin idarə olunmasında nəticə əldə edə bilmədikləri üçün “şou göstərmək” cəhdində ittiham edib.
Dodona qarşı iş mayın 18-də başlayıb. Cinayət təqibi onun 2019-cu ildə nüfuzlu Moldova siyasətçisi və ölkənin ən zəngin iş adamı Vladimir Plaxotnyukla görüşünün videoyazıları ilə bağlıdır. Videolardan birində Plaxotnyukun əlində o vaxt prezident olan Dodonun “Kostyaya verməsini” xahiş etdiyi naməlum tərkibli bağlama görünür.
Çantanın içində pul olması ilə bağlı iddialar irəli sürülüb. Digər videolarda Plaxotnyuk və Dodonun Sosialistlər Partiyasının Rusiya tərəfindən maliyyələşdirilməsini və Rusiya hakimiyyətinin Moldovanın federallaşdırılması müqabilində Plaxotnyuka qarşı cinayət işlərinin bağlanacağına dair vədlərini müzakirə etdiyi iddia edilir.
Dodon paketlə videonu Plaxotnyukun təxribatı adlandırıb.
Sosialistlər Partiyasının keçmiş lideri İqor Dodon 2016-2020-ci illərdə Moldovanın prezidenti olub. Dodon Rusiyayönlü siyasətçi və Vladimir Putinin tərəfdarı hesab olunur. 2020-ci ildə o, Moldovanın Avropa İttifaqı ilə yaxınlaşmasını vəd edən Maya Sanduya seçkilərdə uduzub.