Məhəmməd Kekalov: "Əlilliyi olan şəxslərin manesiz hərəkəti üçün ağlabatan bir şərait qurulmayıb"

Məhəmməd Kekalov: "Əlilliyi olan şəxslərin manesiz hərəkəti üçün ağlabatan bir şərait qurulmayıb"
22 May 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də əlil şəxslərin cəmiyyətin həyatında iştirakının rahatlaşdırılması və sadələşdirilməsi idi.

Konsepsiyada deyilirdi ki, əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək, əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarından faydalanmaq, kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanları artırılacaq.

Ancaq müxtəlif dövlərdə mətbuatda gedən məlumatlara nəzər saldıqda aydın olur ki, bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Bəs görəsən, konsepsiyada qeyd olunan hədəflərə çatılıbmı, hansı işlər görülüb?

AbzasMedia məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə sorğu ilə müraciət edib.

Agentlikdən verilən cavabda qeyd olunub ki, əlilliyi olan şəxslərin sosial təminatı ilə yanaşı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində də dövlət siyasəti ildən-ilə güclənir.

Bildirilib ki, bu sahədə Azərbaycanda BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına uyğun işlər aparılır.

“2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artmasına imkan verib. 2022-ci ilin yanvar-iyun ayları ərzində də həmin müəssisələrdə 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib”. – deyə bildirilib.

Agentliyin cavabında qeyd olunub ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qrupların cəmiyyətə inteqrasiyasına,  sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstəkdir. 121 nəfərlik auditoriumdan, kitabxanadan, 9 müxtəlif studiya və inzibati otaqlardan, yeməkxanadan ibarət DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 5 yaşdan yuxarı şəxslər qəbul edilir, eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələr öyrədilir. Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə kvota üzrə yerlər müəyyən edilir. Məşğulluq üçün müraciət edən əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən həmin kvotalar üzrə iş yerlərində işlə təmin olunurlar. Eyni zamanda, özünüməşğulluq proqramının icrasında əlilliyi olan şəxslərə də üstünlük verilir və proqrama cəlb olunanların bir hissəsi də əlillliyi olan şəxslərdir. Bu kateqoriyalardan olan şəxslərin  peşə hazırlığına cəlb edilməsi də təşkil olunur.
 

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olanların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası prosesində önəmli yer tutur. Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Eləcə də onların əl işlərindən ibarət satış sərgiləri keçirilir.

AbzasMedia məsələ ilə bağlı “Kekalove Adaptive” startapının təsisçisi və icraçı direktoru Məhəmməd Kekalovun fikirlərini öyrənib.

Kelakov deyir ki, prinsip etibarı ilə burada qeyd olunan hədəflərin heç birinə çatılmayıb və onların bəzilərinin qoyuluşunda problem var.

Onun sözlərinə görə, bəzi işlər görülsə də, bu yetərli deyil.

“Əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək mövzusunun ilk hissəsi prinsip etibarı ilə həyata keçirilib, yəni, DOST Agentliyi əliliyi olan şəxslərin iş imkanlarının artırılması və idmanda, mədəniyyətdə iştirakının təmin edilməsi istiqamətində proqramlar həyata keçirib. Ancaq bu da lokal və qısamüddətli proqramlar olub, bütün əlilliyi olan şəxsləri əhatə etməyib”, - deyə Kekalov bildirib.  

Ekspert deyir ki, bu şəxslərin sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr ümumiyyətlə həyata keçirilməyib.

Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetinin də bununla bağlı qərarı var və 2021-ci ilin noyabrında qüvvəyə minib. Ancaq bununla da bağlı işin icrasına başlanılmayıb.

“İstər özəl, istər dövlət binalarında əlilliyi olan şəxslərin manesiz hərəkəti üçün ağılabatan bir şərait qurulmayıb”, - o əlavə edib.

Məhəmməd Kekalov deyir ki, əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarından faydalanması, kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanlarının artırılması istiqaməti özü-özlüyündə yanlış qoyuluşdur.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin informasiyaya çıxışının olub-olmaması sual altındadır.

“Bu dəqiqə internet ən əlçatan resurslardan biridir və əlilliyi olan şəxslərin böyük əksəriyyəti bundan öz mobil telefonları vasitəsilə də istifadə edə bilirlər. Ancaq burada əlilliyi olan şəxslərin rəsmi dövlət saytlarından istifadəsini sadələşdirən sistem qurula bilərdi ki, bu da həyata keçirilməyib. Yəni, rəsmi dövlət saytları əlil şəxslərin ehtiyaclarına adaptasiya edilməyib. Yəni, kimsə gözdən əlildirsə və ya əllərilə limitli mobilliyə malikdirsə, onun bu saytlardan istifadəsi məhdudlaşır. Eyni zamanda, biz açıq informasiyalardan görürük ki, əlilliyi olan şəxslərin təhsil aldığı özəl tipli təhsil müəssisələrində də bu cür texniki və proqram təminatı yoxdur. Bununla bərabər, son ik ildə tələbat artsa da, bu müəssisələrin sayı da azaldılıb”, - deyə Məhəmməd Kekalov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun