Luqansk vilayətində Rusiya hərbçiləri evakuasiya maşınına atəş açıb, nəticədə fransalı jurnalist həlak olub, Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, mayın 30-da zirehli evakuasiya maşını rayondan 10 nəfəri götürməyə hazırlaşarkən atəşə məruz qalıb. Mərmilərin qəlpələri maşının zirehini deşib, akkreditə olunmuş fransız jurnalist evakuasiya ilə bağlı material hazırlayarkən boyun nahiyəsindən ölümcül yaralanıb, patrul polisini isə geyindiyi bronjilet xilas edib”, - deyə o yazıb.
Daha sonra ölən jurnalistin Fransanın BFM TV telekanalının müxbiri Frederik Lekler İmhoff olduğu barədə məlumatlar ortaya çıxıb.
Hadisə Severodonetsk yaxınlığında baş verib. Bundan əvvəl Rusiya hərbçilərinin və Luqansk vilayətindən olan rusiyapərəst separatçıların şəhərə hücum etdiyi bildirilirdi.
Qaydai bildirib ki, evakuasiya rəsmi olaraq dayandırılıb.
Müharibə başlayandan bəri Ukraynada bir neçə ukraynalı və xarici jurnalist həlak olub. Martın 13-də məlum olub ki, Kiyev vilayətinin İrpen şəhərində “The New York Times” qəzeti ilə əməkdaşlıq edən amerikalı jurnalist Brent Reno həlak olub, həmkarı isə yaralanıb. İki gün sonra “Fox News” telekanalının 55 yaşlı irlandiyalı operatoru Pyer Zakrzevski və telekanalın 24 yaşlı yerli prodüseri Aleksandra Kuvşinovanın ölümü ilə bağlı xəbər yayılıb.
Martın 23-də Kiyevdə “The Insider”-in jurnalisti Oksana Baulina, martın 28-də isə “Azadlıq” radiosunun Ukrayna xidmətinin jurnalisti Vera Giriç raket hücumu nəticəsində həlak olub. Aprel və may aylarında ukraynalı fotoqraf və sənədli film ustası Maks Levin, müharibə müxbiri və bloger Aleksandr Maxov və ukraynalı jurnalist Oksana Qaydarın ölümü ilə bağlı xəbərlər yayılıb.