3 May 2022
Mətni dəyiş
˝Mühüm hekayələr˝ araşdırmaçı jurnalistlər birliyi müxtəlif ölkələrdən olan 19 nəşrlə birlikdə Dubayda (BƏƏ) 200 000-ə yaxın xarici mülk sahibi haqqında məlumatları araşdırıb. Məlumatlar onlara beynəlxalq cinayətləri araşdıran Amerika qeyri-kommersiya təşkilatı olan Qabaqcıl Müdafiə Araşdırmaları Mərkəzi (C4ADS) tərəfindən təqdim edilib.
Jurnalistlər Dubay reyestrində 40-dan çox rusiyalı siyasətçi, o cümlədən Çeçenistanın rəhbəri Ramzan Kadırova yaxın şəxslər, onlarla dövlət məmuru və cinayətlə əlaqəsi olan şəxslərin adını tapıblar.
Siyahıda Rusiyadan olan məmurlar əsasən Dövlət Dumasının və “Vahid Rusiya” partiyasından regional parlamentlərin indiki və keçmiş deputatlarıdır. ˝Mühüm hekayələr˝in məlumatına görə, 2020-ci ilə kimi onların və qohumlarının Dubayda təxminən 25 milyon dollar dəyərində daşınmaz əmlakı olub. Bir çox dövlət qulluqçuları bəyannamələrində heç vaxt BƏƏ-dəki mülkləri qeyd etməyiblər.
Məsələn, “Vahid Rusiya”dan olan Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin deputatı İlya Qaffner regionda ən böyük borclu olmasına və 2018-ci ildə müflis elan olunmasına baxmayaraq, jurnalistlər onun Laqunz premium-klass kompleksində təxminən 400 min dollar dəyərində mənzili olduğunu aşkar ediblər. Onun özü kimi müflis elan edilmiş keçmiş həmkarı Oleq İsakovun da Fairmont Palm Residences yaşayış kompleksində dəyəri 600 min dollardan çox olan mənzili var.
Xasavyurtun keçmiş meri və Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Sayqidpaşa Umaxanov, sızdırılan məlumatlara görə, Dubay Marina rayonundakı göydələnlərdən birində bazar dəyəri 700 min dollardan çox olan mənzilə sahib olub. 2021-ci ilə qədər "Vahid Rusiya"dan Dövlət Dumasının deputatı olan Abdulmacid Maqramovun dəniz sahilində bir milyon dollardan bir qədər çox dəyəri olan lüks bir kompleksdə mənzillərə sahibdir.
"Mühüm hekayələr"in araşdırmasına görə, ˝Al Warsan First˝ bölgəsindəki 189 min dollara mənzillər, eləcə də Al Merkadh bölgəsindəki 3,8 milyon dollarlıq villa Rusiya prezidentinin yanında Çeçenistan Respublikası hazırkı nümayəndəsinin və Çeçenistanın sabiq senatoru Ziyad Sabsabinin oğlu Məhəmməd Sabsabiyə məxsusdur.
Al Hallawi bölgəsindəki 800 min dollarlıq mülkün sahibi Ramzan Kadırovun köməkçisi Əhməd Yasaevdir. Çeçenistanın Ərazi İcbari Tibbi Sığorta Fondunun direktor müavini Adam Alxanov isə Palm Jumeirahdakı Əl Dabas kompleksində 700.000 dollara mənzil alıb.
“Vahid Rusiya”nın çeçenistanlı senatoru Süleyman Geremeyevin də Dubay daşınmaz əmlakına münasibəti yaxşıdır. Qəzet yazır ki, onu Kadırovun ən yaxın adamlarından biri olan Dövlət Dumasının deputatı Adam Delimxanovun əmisi oğlu adlandırırlar. Geremeyevin özü siyahıda yoxdur, lakin onun telefon nömrəsi var - nömrə BƏƏ-də bazar dəyəri 360 min dollardan çox olan mənzil haqqında məlumatın qarşısında qeyd olunub.
Kursk Regional Dumasının ˝Vahid Rusiya˝dan olan deputatı Oleq Belaşov, Dövlət Dumasının həmin fraksiyadan deputatı Aleksandr Boroday, “Rosneft”in keçmiş rəhbəri Sergey Boqdançikov, Rusiya Dəmir Yollarının korporativ təhlükəsizlik üzrə keçmiş vitse-prezidenti Aleksandr Bobreşovun, “Qazprom”un direktorlar şurasının üzvü Farit Qazizullin və Moskvanın iqtisadi siyasət və inkişaf departamentinin informasiyalaşdırma və kommunikasiya şöbəsinin müdiri Yevgeni Panovun Dubaydakı mülkləri reyestrə daxil edilib.
Bundan əlavə, siyahıda ˝Promsberbank˝ın keçmiş ortaq sahibi bankir İvan Myazin də var. 2018-ci ildə o, bankdan bir neçə milyard rubl mənimsəməkdə ittiham edilərək həbs edilib.