Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub - [Yenilənib]

Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub - [Yenilənib]
9 May 2022
Mətni dəyiş
Dünən, mayın 8-də bıçaqla hücuma məruz qalan jurnalist Aytən Məmmədova mayın 9-da səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub. Bu barədə AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, idarədə rəis müavininin qəbulunda olub: "Digər vəzifəli şəxslər də görüşdə iştirak etdi. Mənə bildirildi ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Hazırda araşdırma davam edir". A.Məmmədova deyib ki, səhər saatlarında ekspertizaya getməli olsa da, BŞBPİ-dən dəvət əsasında əvvəlcə həmin idarədə olub. *****

Jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib. Bu barədə məlumatı jurnalist Aynur Elgünəş yayıb. 

Məlumata görə, Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirib ki, hadisə ilə əlaqədar nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun