İranın müxtəlif şəhərlərində ərzaq qiymətlərinin artması və bəzi ərzaq məhsullarının qıtlığı səbəbindən etiraz aksiyaları davam edir.
İranda hökumət subsidiyaları ləğv etdikdən sonra əsas ərzaq məhsullarının qiymətinin artırılmasına etirazlar ölkənin müxtəlif əyalətlərini əhatə edib.
Etiraz aksiyaları Loristan əyalətinin Burucerd və Durud, Çeharmahal və Bəxtiyari əyalətinin Cunkan və Farsan, Bayer Əhməd əyalətinin Kohqiluyə və Dehdəşt şəhərlərində keçirilib.
Sosial şəbəkələrdə yayılan kadrlarda görünür ki, ölkə və hökuməti idarə edənlərin əleyhinə şüarlar səsləndirən nümayişçilərə gözyaşardıcı qazla cavab verən güc qurumları Buruserd və Farsan şəhərlərində izdihamı dağıtmaq üçün atəş açır.
Dövlət televiziyası ilə çıxış edən daxili işlər naziri Əhməd Vahidi bildirib ki, nümayişlər genişmiqyaslı olmayıb: "Adamlarımız düşmənlərin çağırışlarına cavab vermədilər. Onlarla adam toplaşıb".
Hökumətin subsidiyaları ləğv etmək qərarı qiymətlərin bahalaşmasına səbəb oldu.
İranın İRNA dövlət agentliyinin məlumatına görə, ölkədə il ərzində subsidiya şəklində ümumilikdə 900 trilyon tümən (sərbəst bazar məzənnəsi ilə təxminən 30 milyard dollar) ödənilib.
Mayın 9-da İran prezidenti İbrahim Rəisi iqtisadi böhranla mübarizə çərçivəsində ilkin zərurət mallarına subsidiyaların dayandırıldığını açıqlayıb.
Əsas ərzaq məhsullarına subsidiyaların ləğvi ölkədə qiymətlərin bahalaşmasına səbəb olub.
Rəisi öz bəyanatında bildirib ki, İranın ənənəvi çörəyi, dərman və benzinin qiymətləri dəyişməyəcək. Buna baxmayaraq, yerli mətbuatda çörəyin qiymətinin 3 dəfəyə qədər bahalaşması ilə bağlı xəbərlər yayılıb. Ölkədə yağ, yumurta və toyuq ətinin qiyməti demək olar ki, 4 dəfə artdığı halda, bəzi qidalarda qıtlıq yaranıb.
Əsas ərzaq məhsullarının baha olması səbəbindən ərəb əhalinin cəmləşdiyi Xuzestan əyalətinin Dezful, Susengerd, Endimeşk, İze şəhərləri, həmçinin Bayer Əhməd əyalətlinin Kohqiluyə və Yasuk şəhərini etirazlar bürüyüb.
İRNA-nın məlumatına görə, ötən gecə Dezful şəhərində nümayişlərə rəhbərlik edən 15 nəfər, Yasuk şəhərində isə "ictimai əmlaka zərər vurmaq məqsədilə nümayişlərdə etirazçıları manipulyasiya etməyə cəhd edən" 7 nəfər saxlanılıb.
Nümayişlərin keçirildiyi şəhərlərdə İnternetə çıxış məhdudlaşdırılıb. İnternetə qlobal çıxışı izləyən London Netblock saytı öz Twitter hesabında İranda İnternet- xidmətlərdə məhdudiyyətlərin olduğunu təsdiqləyib.