14 May 2022
Mətni dəyiş
İranda çörəyin kəskin bahalaşmasına etiraz olaraq bir neçə mağazaya od vurulub. Reuters agentliyi İran mediasına istinadən yazır ki, polis mayın 13-də bir neçə “təxribatçının” həbs olunduğunu deyib.
Xəbər verilir ki, orta hesabla 300 faiz bahalaşmaya hökumətin idxal olunan taxıl üçün verilən subsidiyaları kəsməsi səbəb olub.
Reuters yazır ki, İranda rəsmi inflyasiya 40 faiz civarındadır, lakin bəzi ekspertlər bu rəqəmin 50 faizə yaxın olduğunu deyirlər.
Hökumət qarşıdan gələn bir neçə ayda əhaliyə subsidiyalı çörək normasının ayrılması üçün rəqəmsal talonların dövriyyəyə buraxılacağını bildirib.
Güzəştli qiymətlərlə, lakin norma ilə veriləcək başqa ərzaq növləri də daha sonra talon sisteminə daxil ediləcək.
IRNA agentlıiyi xəbər verir ki, ölkənin bir neçə şəhərində çörəyin bahalaşmasına görə etirazlar olub və bir neçə mağa yandırılıb.
Toplam 22 nəfərin həbs olunduğu xəbər verilir.
Xəbərdə deyilir ki, ən böyük etiraz aksiyası ölkənin cənubunda neftlə zəngin Xuzistan ostanının Dizful şəhərində keçirilib.
IRNA xəbər verir ki, burada 300-dək etirazçının aksiyasını təhlükəsizlik qüvvələri dağıdıb.
Qərbi İranın Çaharmahal və Bəxtiyari vilayətindəki Şəhre-Kord şəhərində etiraza 200 nəfər çıxıb.
Reuters yazır ki, sosial şəbəkələrdə paylaşılan videolarda etirazların Ərdəbil, Rəşt və İranşəhr şəhərlərinə yayıldığı iddia olunur, lakin bu məlumatı müstəqil mənbələrlə yoxlamaq mümkün olmayıb.
İran mediası xəbər verir ki, etirazlar başlanar-başlanmaz bəzi şəhərlərdə internet kəsilib.
Belə ehtimal olunur ki, hökumət bununla etirazların sosial media vasitəsilə yayılmasının qarşısını almaq istəyib.
Mayın 13-də rəsmi IRNA agentliyi çörək etirazlarından reportaj verən ilk dövlət mediası olsa da, sosial şəbəkələrdə yayılan videolardan Dizful şəhərindəki etirazçıların həm qiymət artımına, həm də ölkə rəhbərliyinə qarşı şüarlar səsləndirdikləri görünür.
Reuters xatırladır ki, Ukrayna müharibəsi başlanandan bəri taxılın qlobal qiymətləri kəskin artıb.
İran rəsmiləri habelə güzəştli qiymətlərlə satılan çörəyin qonşu İraq və Əfqanıstana daşınmasından gileylənirlər.