İran Azərbaycanının Muğan (Parsabad) şəhərində "Buta" muğam musiqi qrupunun konsertinin ləğv edildiyi bildirilir.
Bu barədə musiqi qrupunun rəhbəri Əşkan Əhmədi öz İnstagram səhifəsində məlumat verib. O bildirib ki, muğam musiqi qrupunun konsertinin biletlərini satın alan vətəndaşların pulları hesablarına geri qaytarılacaq.
"Ətəkyazı" saytı mayın 17-də keçirilməsi planlaşdırılan Buta muğam musiqisi qrupunun konsertinin 500 biletinin satılmasına baxmayaraq, İslam İnqilabı Qvardiyası, Parsabad meri və İslami İrşad İdarəsi tərəfindən lisenziyasının bir gün öncədən ləğv edildiyini yazıb.
Həmin saytda verilən məlumata görə, Muğan şəhərində yaşayan milli fəallar hesab edirlər ki, Azərbaycan musiqisi ilə bağlı ayrı-seçkilik var.
Sosial mediada yayımlanan məlumata görə, bundan öncə mayın 12-13 günlərində digər fars müğənnilərin konsertlərinin şəhərdə keçirilməsi ilə bağlı hər hansı bir problem olmayıb.
Bəstəkar və musiqişünas Aria Türkanburlunun Amerikanın Səsi ilə müsahibəsində Azərbaycan musiqisinə qarşı ayrı-seçkilik siyasətinin aparıldığını deyir. Konsert üçün icazə almaq üçün müraciətlərinə əldə etdiyi təcrübələrini söyləyən Türkanburlu bildirib ki, "Mən özüm İrşad və Mədəniyyət İdarəsindən konsert icazəsi alarkən bunu yaşadım. Bir ay içərisində ən çox 6 konsertə icazə verilirdi. O, 6 konsertdən beşi Tehrandan gələn qruplara verilirdi, biri yerli qruplara."