11 May 2022
Mətni dəyiş
İlon Mask ABŞ-ın 45-ci prezidenti Donald Trampın 'Twitter'-dəki hesabının bloklanması qərarını ləğv etməyə hazır olduğunu bildirib.
'Financial Times'-ın konfransında çıxış edən Mask deyib ki, o, qadağanı aradan qaldırardı, amma hələlik 'Twitter'-in sahibi deyil.
“Donald Trampın hesabının bloklanmasının yanlış olduğunu düşünürəm. Düşünürəm ki, bu, ölkənin bir hissəsini yadlaşdırdığı və Donald Trampı ifadə azadlığından məhrum etdiyi üçün səhvdir”, - Mask bildirib.
Biznesmen hesab edir ki, Trampın hesabının bloklanması sağçılar arasında keçmiş prezidentin səsini gücləndirib. "Buna görə də bu, əxlaqi cəhətdən yanlış və tamamilə axmaqlıqdır".
2021-ci ilin yanvarında prezident seçkilərinin nəticələri ilə razılaşmayan tərəfdarlarının Konqresin binasına basqın etməsindən sonra Donald Trampın hesabları Facebook, Instagram və Twitter tərəfindən bloklanıb. Hücum nəticəsində 5 nəfər həlak olub. Sosial şəbəkələr hesab edirdilər ki, Tramp mesajlarında iğtişaşçılara dəstək olub.
25 aprel 2022-ci ildə 'Tesla' və 'SpaceX'-in qurucusu İlon Mask 'Twitter'-in idarə heyəti ilə şirkəti 44 milyard dollara və ya hər bir səhm üçün 54,2 dollar qarşılığında almağa razılaşıb. Əvvəlcə direktorlar şurası sövdələşməyə mane olmağa çalışsa da, səhmdarların təzyiqi ilə milyarderlə razılığa gəlib.