Gözlənilən əfv sərəncamı: "Cəbhəçilərin, jurnalistlərin, redaktorların adı siyahıya salınıb"

Gözlənilən əfv sərəncamı: "Cəbhəçilərin, jurnalistlərin, redaktorların adı siyahıya salınıb"
20 May 2022
Mətni dəyiş

Novella Cəfəroğlu və Rüfət Səfərov prezidentə müraciət etdiklərini deyir – Komissiya üzvləri isə ad açıqlamır

Mayın 19-da Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılıb.

İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 500-dən çox müraciət nəzərdən keçirilib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu 39 nəfərlik siyahını komissiyaya göndərdiklərini deyir.

“Cəbhəçilər, redaktorlar, blogerlər, jurnalistlər, vicdan məhbusları və ömürlük cəzaya məhkum olunmuş bir-neçə adamın adını qeyd etmişdik. Biz istəyərdik siyahıda olan şəxslərin hamısına sərəncam şamil olunsun. Nəticəsi olacağını gözləyirik. Hər dəfə bizim siyahıdan 10-15 nəfər əfv siyahısına düşür. Bu dəfə də ən azından o qədər gözləyirik”.

“Müdafiə xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov təşkilatlarının təxminən 10 gün öncə dövlət başçısına müraciət etdiklərini söyləyir.

“İstintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyalı siyasi və vicdan məhbusları var. Hətta onların arasında siyasi fəallar, hətta 30 ilə yaxın siyasi məhbus həyatı yaşayan “Omon”çular var. Azərbaycanda siyasi və hüquqi açılımların zamanı çoxdan çatıb. Mənim də 2019-cu ilin martında daxil olduğum 51 nəfərlik siyasi məhbusun azadlığa çıxdığı əfv sərəncamına bərabər bir sənəd imzalanmasını istəyirik”.

R.Səfərov bu dəfə daha geniş tərkib olacağına və siyasi məhbuslara da şamil olunacağına ümid etdiklərini söyləyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev müvafiq bugünkü iclasda müvafiq qərarların qəbul edildiyini deyir. “Ümid etmək olar ki, Respublika günü ərəfəsində prezident tərəfindən əfv sərəncamı imzalana bilər. Prezidentin verəcəyi əfv sərəncamının nə zaman və kimlərə şamil olunması dərc olunanda tanış ola bilərik. Əfv komissiyası əfv hüququnun həyata keçirilməsini təşkilati texniki baxımdan həll edir. Siyahının tərkibi haqqında əvvəlcədən məlumat vermək qanuni və etik olaraq doğru deyil. Komissiyaya məhkumlar və hüquq müdafiə təşkilatları tərəfindən müraciətlər olub”.

O ki qaldı sərəncamın neçə nəfərə şamil olunacağına, Ə.Nuriyev buna da prezidentin qərar verəcəyini deyir.

28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamının imzalanacağı ehtimalı var. Bundan əvvəl aprelin 26-sı və 29-da da komissiyasının iclasları keçirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun