5 May 2022
Mətni dəyiş
“Sxemlər” layihəsinin (“Azadlıq” radiosu) araşdırmasına görə, Rusiyanın “Alfa Bank”ının təsisçisi Mixail Fridmanın ailəsinə məxsus olan Copab villası Fransada müsadirə edilib. Bu barədə ˝The Insider˝ xəbər verir. Villa Aİ-nin sanksiyaları əsasında müsadirə edilib.
Araaşdırmaçıların məlumatına görə, San-Tropedə 580 kv.metr sahəsi olan dəbdəbəli daşınmaz əmlak Fransanın ˝SNC COPAB˝ şirkətinin adına qeydə alınıb. Onun benefisiarları rus oliqarxın qızları Larisa və Yekaterinadır. 1 faizi isə milyarderin keçmiş həyat yoldaşı Olqa Aizimana məxsusdur. Bunu təsdiq edən sənədlər ˝Sxemlər˝in sərəncamındadır.
˝Copab˝-da on yataq otağı var, əmlakın ərazisində hovuz, sauna, hamam, cakuzi və ayrıca helikopter meydançası var. Lüks daşınmaz əmlakın öz internet saytı var və ayda 180-440 min avroya icarəyə verilir.
Mixail Fridman Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilən ilk rusiyalılardan biri olub, eyni zamanda ˝Alfa Group˝ konsorsiumunun digər sahiblərinə - Petr Avenə, eləcə də Rusiya prezidenti Vladimir Putinin yaxın dostları Gennadi Timçenko və Sergey Rolduginə qarşı sanksiyalar tətbiq edilib. Tətbiq edilən məhdudiyyətlərin əsaslandırmasında Fridmanın prezident administrasiyası ilə sıx əlaqədə olduğu və 2014-cü ildə Krımın işğalına töhfə verdiyi bildirilir.
Daha sonra ˝Bloomberg˝-ə müsahibəsində Fridman sanksiyaların ədalətsizliyindən şikayətlənib. O, bank kartının bloklandığını və xərclərin ayda təxminən 3300 dollarla məhdudlaşdırıla biləcəyini söyləyib. Biznesmenin sözlərinə görə, o, indi hətta Londondakı malikanəsinin təmizliyini belə ödəyə bilmir. "Bəlkə də evi özüm təmizləməliyəm. Bu normal haldır. Tələbə olarkən daha dörd kişi ilə kiçik yataqxanada yaşayırdım. Amma 35 ildən sonra bu, gözlənilməz oldu", - milyarder deyib.