“Ermənistan tərəfi Azərbaycanla danışıqlara nikbin yanaşır”.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan DW-yə müsahibəsində Brüsseldə üçtərəfli danışıqlarla bağlı sualı cavablandırarkən deyib.
“Biz nikbinik, çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşaması olmadan təkcə bizim üçün deyil, bu regionun bütün ölkələri üçün irəli getmək mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam. Biz dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıyıq. İndi bu, realdır, xüsusən ona görə ki, vasitəçilər var: Avropa İttifaqının, Rusiyanın, Minsk Qrupunun simasında. Biz bu imkanlardan istifadə etməliyik”, - deyə o bildirib.
Ermənistan prezidenti xatırladıb ki, Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçüncüdür. Onun sözlərinə görə, bu, ümid verir ki, Aİ işi başa çatdırmaq istəyir: “Əlbəttə, bu, çətin yol olacaq, çünki münaqişə 1990-cı illərdən davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var”. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasından sonra birgə dinc yanaşı yaşama erası başlamalıdır.