Elçin Sadıqov: "Həm Elektron İmza, həm də Asan imza vətəndaşlar üçün pulsuz olmalıdır"

Elçin Sadıqov: "Həm Elektron İmza, həm də Asan imza vətəndaşlar üçün pulsuz olmalıdır"
28 May 2022
Mətni dəyiş

Artıq bir neçə ildir ki, Azərbaycanda elektron xidmətlərdən istifadə üçün elektron imza tələb olunur. Bu imzaları əldə etmək istəyənlər isə minimum məbləğ olaraq 30 manat ödəməlidirlər. Ancaq bununla bərabər, bəzi xidmətlərdən istifadə hətta elektron imza ilə də mümkün deyil. Bu zaman əsasən Asan İmza tələb olunur ki, ona da ayrıca ödəniş tələb edilir.

Ancaq Elekton Hökumətlə bağlı dövlətin qarşıya qoyduğu hədəflərdə bu xidmətlərin hər kəs üçün əlçatan olacağı bildirilirdi.

Bəs Elektron İmza varsa, Asan Imzaya nə ehtiyac var? Ödəniləcək məbləğin miqdarını kim müəyyən edir? Bu vəsaitlər hara gedir? Bütün bu suallara cavab tapmaq üçün dövlət qurumlarına və mobil operatorlara sorğu ilə müraciət etdik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğumuza verilən cavabda qeyd olunub ki, elektron imzanın və elektron sənədin istifadəsi, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsasları və əlaqədar subyektlərin hüquqlarının müəyyən edilməsi şərtləri "Elektron imza ve elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Gücləndirilmiş elektron imza dedikdə, imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza nəzərdə tutulur. Həmçinin Qanuna əsasən, təkmil sertifikat gücləndirilmiş elektron imzaya akkreditə edilmiş xidmət mərkəzləri tərəfindən verilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə bildirilib ki, “Asan İmza” SİM kartı mobil telefon üçün xüsusi SİM-kart olaraq həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki daşıyıcısıdır. Sertifikat  imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəddir.

“Asan İmza” xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə seçiminə uyğun olaraq mobil operatordan (Azercell, Bakcell, Nar) “Asan İmza” SİM-kartını əldə etməlidir. “Asan İmza” SİM-kartı üzrə xidmətlərin göstərilməsi və abunə haqları aidiyyəti mobil operatorlar tərəfindən müəyyən edilir.

Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzində sertifikat xidmətlərinin göstərilməsi isə tamamilə ödənişsiz həyata keçirilir.

Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”na 04.09.2019-cu il tarixli 382 nömrəli Qərarla dəyişiklik edilərək imza sahibi tərəfindən sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması üçün Asan Sertifikat Xidmət Mərkəzinə (bundan sonra - ASXM) elektron qaydada müraciət etmək imkanı yaradılıb.

Vergi ödəyiciləri və vətəndaşlar tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına nail olmaq, ASXM-lərin fəaliyyətini yuxarıda qeyd edilən Qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVİD-19 virusuna yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və əldə olunması üzrə müvafiq elektron xidmətlər yaradılaraq 2020-ci ildən istifadəyə verilib.

İkinci sualla bağlı bildiririk ki, xidmətdən istifadə üzrə müraciət və rəsmiləşdirilmiş sertifikat sayları barədə statistik göstəricilər aşağıdakı kimi olub:

İl Müraciət sayı Sertifikat sayı
2018 130976 224128
2019 141233 235243
2020 183466 317899
2021 165424 261984

 

Məsələ ilə bağlı “Azerfon” MMC-yə, “Baksell” MMC-yə və “Azersell” MMC-yə sorğu göndərsək də, bunlardan yalnız sonuncudan cavab ala bildik.

“Azersell MMC”-dən bildirildi ki, Asan İmza xidməti birbaşa müstəqil şəkildə “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmət deyildir, xidmətin təmin olunmasında aidiyyəti dövlət qurum və təşkilatlar iştirak edir, müvafiq olaraq da xidmətin şərtləri və tariflər xidmət təminatçıları tərəfindən müəyyən edilir.

Vəkil Elçin Sadıqov deyir ki, həm Elektron İmza, həm də Asan imza 15 manatdan 30 manata qədər ödənişə başa gəlir.

[caption id="attachment_79550" align="alignnone" width="1023"] Vəkil Elçin Sadıqov

Onun sözlərinə görə, bununla bərabər aylıq ödəniş də həyata keçirilir.

“Qanunla nəzərdə tutulmayıb ki, bu dövlət xidməti pulludur. Ona görə də bu xidmətlər vətəndaşlar üçün pulsuz olmalıdır. Xüsusilə də ona görə pulsuz olmalıdır ki, bu, hamı üçün əlçatımlı olsun. Çünki elə bir dövr gəlib ki, Elektron İmza və Asan İmza olmadan elektron xidmətlərdən istifadə etmək demək olar ki, mümkün deyil. Buna görə də pulsuz olmalıdır ki, həm vətəndaşları buna təşviq etmək olsun, həm də hər kəs istifadə edə bilsin”, - deyə vəkil Elçin Sadıqov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun