Dövlət gənclərin şəxsi inkişafı üçün hansı addımları atıb?

Dövlət gənclərin şəxsi inkişafı üçün hansı addımları atıb?
13 May 2022
Mətni dəyiş

Dövlətin gələcəyi onun gəncliyə qoyduğu investitsiyadan asılıdır. Burada ən ümdə vəzifə həm də sağlam, peşəkar və uğurlu vətəndaş yetişdirməkdir. Azərbaycanda da dövlət müxtəlif proqramlarla gənclərin şəxsi inkişaf strategiyasını hazırlayıb, icra etməyi planlayırdı.

Prezident Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu istiqamətdə addımların atılması nəzərdə tutulurdu.

Bəs, görəsən, bu hədəfin reallaşdırılması üçün hansı işlər görülüb? AbzasMedia bu sualla ölkənin aktiv gənclərinin bir neçəsinə müraciət edib.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyir ki, ölkədə gənclərin xaricdə təhsil almasından tutmuş ən müxtəlif istiqamətlərdə proqramlar həyata keçirilir.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı

Onun sözlərinə görə, bu işlər gənclərin şəxsi inkişafına, ölkənin ictimai həyatındakı rollarının artırılmasına yönəlib.

“Bu layihələr icra olunduqca, biz onların məntiqi nəticələrini hər zaman görürük. Elə bu proqramların nəticəsidir ki, Azərbaycanda olduqca uğurlu gənclər siyasəti həyata keçirilir və hətta bu siyasət bir örnək olaraq dünyanın bir sıra ölkələri tərəfindən öyrənilir. Əlbəttə ümumilikdə baxdıqda hər şeyin ideal olduğunu demək olmaz, şübhəsiz ki, çatışmazlıqlar da var. Ancaq bunların da aradan qaldırılması istiqamətində ölkə başçısı səviyyəsində iradə var və problemlərdə də aradan qaldırılır”, - deyə
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

AXCP Gənclər Komitəsinin Ali Məclisinin üzvü Fuad Əhmədli deyir ki, ötən ilin yekunlarına əsasən ölkədə işsiz vətəndaşların 41 faizi, yəni 154 min 100 nəfəri işsiz gənclərdir. Bu, rəsmi statistikadır. Real rəqəmlər isə əlbəttə olduqca məyusedicidir.

AXCP Gənclər Komitəsinin Ali Məclisinin üzvü Fuad Əhmədli

Onun sözlərinə görə, bu istiqamətdə proqramlardan gənclliyin bütün təbəqəsi yararlana bilməyib.

“44 günlük Vətən Müharibəsindən sonra yaranmış onminlik gənc, ehtiyaclı qazi ordusunu, məcburi qaydada ölkədən kənarda Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdə olduqca aşağı məvacibə çoxsaylı ağır işlərdə çalışmağa məcbur olan ölkə gənclərini də nəzərə alsaq, bu dövlət proqramının onsuz da maddi təminatı qənaətbəxş olan, sözügedən proqramdan yararlanması üçün müvafiq şəxsi əlaqələri olan və hakim partiya komandasına yaxın olan şəxslərin övladları, gənclərin yararlanmasını deyə bilərik. Belə olan təqdirdə isə proqramın məhsuldar olma ehtimalı yoxa bərabərdir. Siyasi hakimiyyət kosmetik deyil, həqiqi gənclər proqramı həyata keçirmək istəklisi olarsa, ilk öncə ali və orta ixtisas təhsil müəssisələrində özünün yaratdığı korrupsiya şəbəkələrinə "əl gəzdirməli", iqtisadiyyatda özünün yaratdığı monopoliyanı aradan qaldırmalı, təbii yolla rəqib şirkətlərin bazarda fəaliyyətinin önünü açmalı və ölkənin fərqli fikir sahibi olan gənclərini qanunsuz repressiyaya məruz qoymaqdan çəkinməlidir. Yalnız bu ilk və zəruri addımlardan sonra hansısa xüsusi islahatlar haqqında düşünmək olar. Çünki işlərə sıfırdan başlamaq üçün, əvvəlcə mənfidən sıfıra qalxmaq lazım olduğunu siyasi hakimiyyət bilməmiş olmamalıdır”, - deyə AXCP Gənclər Komitəsinin Ali Məclisinin üzvü bildirib.

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli deyir ki, hökumətin qəbul etdiyi əksər sənədlər kimi "Gələcəyə Baxış İnkişaf Konsepsiyası" da kağız üzərində qalıb.

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli

Onun sözlərinə görə, bunu ölkədən öz həyatlarını qura bilmədiyi üçün ölkəni tərk etmək məcburiyyətində qalan minlərlə gəncə baxanda da görmək olar.

“Ölkədə hər il təxminən 100 mindən çox gənc orta məktəbi bitirir, onun təxminən yarısı Universitetlərə və digər təhsil müəssisələrinə daxil olub ixtisaslara yiyələnir, qalan yarısı isə ümumiyyətlə heç bir peşə sahibi olmadan cəmiyyətdə öz yerini tapmalıdır. Əlbəttə ki, bu şəraitdə də gənclərin ciddi problemləri yaranır, öz həyatlarını qura bilmirlər. Bundan başqa da gənclər arasında işsizlik halları yüksək həddədir. Nəyinki heç bir peşə sahibi olmayan gənclər, hətta təhsil almış gənclərin də böyük əksəriyyəti işsiz qalır. Ona görə də hakimiyyətin bu istiqamətdə fəaliyyətini mənfi qiymətləndiririk”, - deyə Fərəc Kərimli bildirib.

REAL Partiyası Gənclər Təşkilatının idarə heyətinin üzvü Fariz Zöhrabov deyir ki, Reallıqda bu konsepsiyanın səmərəliliyi şübhə doğurur.


REAL Partiyası Gənclər Təşkilatının idarə heyətinin üzvü Fariz Zöhrabov

Onun sözlərinə görə, konsepsiya üç əsas istiqamət üzrə qiymətləndirilməlidir – təhsil, məşğulluq, idman və sağlamlıq.

“Təhsil. Konsepsiyada da qeyd olunduğu kimi, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 1200-dən çox gənc Dövlət Neft Fond hesabına xaricdə təhsil almışdır. “2019-2023 Dövlət Proqramı” çərçivəsində gənclərin xaricdə doktorantura təhsili almaq imkanı da təqdirə laiqdir. Lakin bakalavr, xüsusilə də magistr təhsili seçiminin olmaması təəssüf doğurur.Hər nə qədər HTP (Hökümətlər Arası Təqaüd) vasitəsi ilə kifayət qədər tələbə Avropada təhsil alsa da bu say çox azdır. Azərbaycanda fəaliyyət göstərən universitetlərin xarici universitetlər ilə əlaqələri minimum səviyyədədir və bu tələbələrin beynəlxalq proqramlara (Erasmus proqramı kimi) çıxışını minimum endirmişdir”, - deyə Fariz Zöhrabov bildirib.

Zöhrabov qeyd edib ki, burada əsas problemlər ona görə yaranır ki, proqramlar siyasi safarişlə qəbul olunur və şəffaf həyata keçirilmir: “Layihələrdə fərqli düşünən, fərqli partiya mənsubiyyəti olan gənclər çox vaxt bilərəkdən kənar saxlanılır”, - deyə REAL Partiyası Gənclər Təşkilatının idarə heyətinin üzvü Fariz Zöhrabov bildirib.


 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun