DİN Britaniya səfirliyinin aksiyadakı zorakılıqlarla bağlı bəyanatını təkzib etməyə çağırıb

DİN Britaniya səfirliyinin aksiyadakı zorakılıqlarla bağlı bəyanatını təkzib etməyə çağırıb
17 May 2022
Mətni dəyiş
Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mayın 14-də Fəvvarələr Meydanında keçirilən dinc etiraz aksiyasında fəallara və jurnalistlərə qarşı qeydə alınan zorakılıqlarla bağlı bəyanatına reaksiya verib.  DİN-in açıqlamasında deyilir: "Artıq xəbər verildiyi kimi 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib. Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb. Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycan Respublikasının daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk. Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq. Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək". Böyük Britaniya səfirliyi Facebook səhifəsində yazı paylaşaraq fəallara və jurnalistlərə qarşı zorakılığı araşdırmağa çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanda dinc etiraz hüququnu şübhə altına alıb. «Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır. Mayın 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloger və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli araşdırılmalıdır”, – səfirliyin Facebook səhifəsində dərc olunmuş press-relizdə deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun