“Biz çeçenlər Rusiyayla iki müharibə aparmışıq. Bu iki müharibə zamanı 300 minə yaxın mülki vətəndaşımızı itirdik. Onlardan 40-45 mini uşaqdır”.
Bu sözləri Çeçenistanın sabiq prezidenti Aslan Məshədovun oğlu Anzor Məshədov ukraynalı jurnalist Tatyana Popova verdiyi müsahibədə deyib.
Anzor Məshədov Rusiyanın müharibə dövründə işlətdiyi metodları “dəhşətli” adlandırıb:
“Gördüklərimiz, nasistlər haqqında filmlərdə bizə göstərilən üsullardan daha pisdir. Mən rus işğalçılarını, rus əsgərlərini eyni sözlə adlandıracağam – onlar faşistdir. Onların metodları – 20 il əvvəl bizi və indi Ukraynada insanları necə öldürürlər – eynidir”.
Atasının Rusiya-Çeçenstan müharibəsi haqda dediklərini xatırladan Anzor Məshədov vurğulayıb ki, birinci müharibə əsasən hərbçilərin qaydalarına uyğun olub:
“Putinin başladığı ikinci Rusiya-Çeçenistan müharibəsini isə xüsusi xidmət orqanları aparıb. Yəni bu, açıq-aşkar yalan, dezinformasiya, təbliğat və informasiyanın bloklanması idi. Nəhayət, müxtəlif təşkilatların jurnalistlərini respublikamıza buraxmadılar. Ümumiyyətlə, müharibənin dəhşətindən danışsaq, vaxt aparacaq”.
“Yeri gəlmişkən, mənim bura gətirdiyim sənədlər var. Məsələn, öldürülmüş uşaqlar, yaxud bir ailənin qətli, hava bombası və s. O zaman da rus əsgərləri oğurlayırdı, indi də, məsələn, kəndlilərin qazlarını oğurlayırdılar. Hər şeyi – qaşıqları, çömçələri, soyuducuları burada oğurladıqları kimi oğurlayıblar. Rus qoşunlarının bir növ cəsarətindən danışırlar. Biz bu “cəsarət”i o vaxt gördük”, – deyə Məshədov bildirib.
O, təqdim etdiyi sənədlərin Çeçenistan İçkeriya Respublikasının Baş Prokurorluğunun prezidentə hesabatından götürdüyünü deyib:
“Bu gün rus işğalçılarına qarşı müqavimət göstərməkdə kömək edən digər dövlətlər bu soyqırımı – o vaxt Yeltsin tərəfindən törədilmiş çeçen xalqının soyqırımını tanısınlar. Eyni zamanda, Putin tərəfindən də həmin soyqırım törədilib. Nəhayət, 1944-cü ildə Stalin dövründə çeçen xalqının zorla köçürülməsi tarixi faktdır”.
Ukraynadakı müharibəyə toxunan A.Məshədov bildirib ki, Rusiyanın paytaxt Kiyevi ala biləcəyinə əvvəlcədən inanmayıb:
“Bəli, Ukraynanın müəyyən bir hissəni tuta bilərlər, amma böyük bir hissəsini tuta bilməyəcəklər. Bunu niyə deyirəm? Mən ukraynalıları çoxdan tanıyıram, yaxşı münasibətlərimiz var idi. Atamın ukraynalı həmkarları olub və biz bu günə qədər dostuq. Müharibədə ilk növbədə silah deyil, xalqın ruhu qalib gəlir”.
“Torpağın uğrunda vuruşanda, o zaman çox yaxşı döyüşər və işğalçılara müqavimət göstərə bilərsən. Bəli, rus-çeçen müharibəsində şəhərimizi işğal etdilər. Onları şəhərə özümüz buraxdıq, çünki cəbhə xəttini tutmağa gücümüz yox idi. Biz onları şəhərə saldıq və içəridə məğlub etdik. Bir gecədə 300-ə yaxın tank yandırıldı, minlərlə işğalçı öldürüldü. Yəni bacardıqları qədər güclü zərbələr endirdilər. Ancaq biz heç bir kənar dəstək olmadan təkbaşına döyüşürdük”, – o belə deyib.
Onun sözlərinə görə, Rusiyanın bu günə kimi şəhərləri atəşə tutması sülh istəməməsinin göstəricisidir:
“Hesab edirəm ki, biz ukraynalılar, çeçenlər və digər xalqlar – Baltik, Qafqaz xaqları bu canavarın qarşısında birlikdə dayanmalıyıq. Çünki burada baş verən hadisələr, bu müharibə hamımızı narahat edir. Ona görə də mən Ukraynadayam. Mən bura ona görə gəldim ki, bizim bircə düşmənimiz var”.
Birinci Rusiya-Çeçen İçkeriya Respublikası arasındakı müharibə 1994-cü ilin dekabrından 1996-cı ilin avqustuna qədər davam edib.
Nəticədə “Xasavyurt” müqaviləsi imzalanıb.
Müqaviləyə görə, Çeçenistanın müstəqilliyi Rusiya tərəfindən rəsmən tanınmalı və siyasi statusu 5 il ərzində qərarlaşdırılmalı idi.
İkinci savaş 1999-cu ildən 2000-ci ilin mayına qədər davam edib.
Müharibə Çeçen İçkeriya Respublikasının de-fakto müstəqilliyini itirməsi ilə başa çatıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.