Əbülfəz Qurbanlı: "Bələdiyyələrin ölkənin həyatında fəaliyyəti ciddi şəkildə hiss olunmur"

Əbülfəz Qurbanlı: "Bələdiyyələrin ölkənin həyatında fəaliyyəti ciddi şəkildə hiss olunmur"
20 May 2022
Mətni dəyiş

2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bələdiyyələrin gənclər siyasətilə əlaqədar addımlar atacağı gözlənilirdi. Konsepsiyada qeyd olunurdu ki, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaq.

Ancaq bələdiyyələrin onsuz da ümumilikdə aktiv fəaliyyət göstərməməsi bu işləri də sual altında qoyur.

Millət vəkili Vüqar İskəndərov deyir ki, əvvələr bu istiqamətdə fəaliyyət olub. Onun sözlərinə görə, bu, özlüyündə çətin prosesdir.

Millət vəkili Vüqar İskəndərov

"Mən də konsepsiyanın icra olunduğu ilk illərdə gənclər siyasəti sahəsində işləyirdim, biz o vaxt bunun yaradılması və fəaliyyəti üçün cəhdlər etdik, kəndlərə nümayəndələr də verildi, amma işin günün tələblərinə uyğun qurulması çətin idi. Bələdiyyələrin fəaliyyətində ümumən problemlər mövcuddur. Əsasən də kənd bələdiyyələrinin büdcələri çox azdır. Yəni, onlar hətta maaşların verilməsində belə böyük çətinlik çəkirlər. Elə bələdiyyələr oldu ki, orada konsepsiyada qeyd olunan istiqamətdə tədbirlər keçirildi, idman yarışları təşkil edildi, elələri də oldu ki, tamamilə formal bir xarakter daşıdı. Amma ümumi qiymət versək, bələdiyyələrin nəzdində olan bu orqanların fəaliyyətləri yüksək nəzərə çarpmadı", - deyə millət vəkili bildirib.

Vüqar İskəndərov deyir ki, işin görülməsi tələb olunan qədər təmin olunmadı.

Onun sözlərinə görə, burada kiçik tədbirlərin keçirilməsi üçün də maliyyə tələb olunurdu.

"Burada uzlaşdırılmış işlərin görülməsi tələb olunurdu. Ona görə də ümumi olaraq hansısa şəhər və rayonda bu işlər normal təşkil olundu, amma elə yerlər də oldu ki, orada tamamilə heç bir fəaliyyət görülmədi" - deyə millət vəkili Vüqar İskəndərov əlavə edib.

“Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı deyir ki, bu istiqamətdə praktiki nəticələri müşahidə etməyiblər.

“Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı

Onun sözlərinə görə, yalnız Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi tərəfindən sözügedən qurumlarda gənclərlə iş komissiyasının yaradılması haqda tövsiyyələr göndərilib.

"Ancaq bundan başqa, biz konsepsiyada qeyd olunan bu istiqamətdə hər hansı praktiki nəticəni görməmişik. Bunun müxtəlif səbəbləri ola bilər, amma düşünürəm ki, başlıca səbəb bundan ibarətdir ki, Azərbaycanda bələdiyyələr həm qanuni səlahiyyətlər baxımından, həm də iqtisadi baxımdan geniş imkanlara sahib deyil və bu səbəbdən də bələdiyyələrin ölkənin həyatında fəaliyyəti ciddi şəkildə hiss olunmur", - deyə Əbülfəz Qurbanlı bildirib.

Qurbanlı deyir ki, son olaraq bələdiyyələr və gənclər mövzusunda yenilik kimi təqdim olunan məsələlərdən biri də budur ki, sonuncu bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin 40 faizi gənclər olduğu açıqlanıb.

Onun sözlərinə görə, bu, təbii qaydada gedən proses deyil.

"Azərbaycanda gənclərin iştirakçılığının artırılması ilə bağlı çağırışlar var və hökumət də çağırışları bu və ya digər formada dinləmək məcburiyyətindədir və ona görə də belə bir süni artım baş verib. Ancaq biz bir neçə bələdiyyədən başqa digər bələdiyyələrdə həmin gənc bələdiyyə üzvlərinin fərqli bir fəaliyyətlərini təəssüf ki, görmürük. Yalnız bir neçə seçki dairəsində və məntəqəsində müstəqil gənclər bələdiyyələrə seçkilərdə iştirak edib və həmin bələdiyyələrin fəaliyyətində biz hesabatlılıq və digər müsbət fərqlər görə bilirik. İstər bələdiyyələrin statusu haqqında qanun olsun, istər gənclər siyasəti haqqında qanun olsun, orada hüquqi normalar var və bu hüquqi normalara istinad edib bələdiyyələrin fəaliyyətində gənclərlə bağlı işin ağırlığını artırmaq mümkündür. Burada ən yaxşı addımlardan biri də o ola bilər ki, bələdiyyələr azad və ədalətli seçkilərlə formalaşsın və fəaliyyətlərində xarici ölkələrin təcrübəsinə istinad olunsun”, deyə “Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun