13 May 2022
Mətni dəyiş
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Prezident Vladimir Putinin qohumları, onun keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, "Milli Media Qrupu"nun direktorlar şurasının sədri Alina Kabayeva və Putinin yaxın çevrəsindən olan digər şəxslər məhdudiyyətlərə məruz qalıblar. Bu barədə ölkə hökumətinin saytında məlumat verilib.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Kabayevanın Putinlə “yaxın münasibətdə” olduğu bildirilir. “The Wall Street Journal” yazır ki, ABŞ hakimiyyəti hesab edir ki, Kabayeva Putinin “ən azı üç övladının” anasıdır və o, “Putinin xaricdə şəxsi sərvətini gizlətməkdə” mühüm rol oynaya bilər.
Sanksiyalara həmçinin Kabayevanın nənəsi Anna Zatsepelina, Rusiya Federasiyası prezidentinin əmisi oğlu İqor Putin və İqor Putinin oğlu Roman da məruz qalıb.
“(Bu gün) biz Putinin dəbdəbəli həyat tərzini dəstəkləyən şübhəli şəbəkəni ifşa edir və hədəf alırıq... Biz Ukrayna qalib gələnə qədər Putinin aqressivliyinə töhfə verən hər kəsə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”, - Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.
Aprelin sonunda “The Wall Street Journal” mənbələri ABŞ hakimiyyətinin Alina Kabayevaya qarşı sanksiyalar paketi hazırladığını, lakin Vladimir Putinin “aqressiv” reaksiya verəcəyindən ehtiyat edərək onun icrasını təxirə saldığını bildirib.
Mayın əvvəlində "Bloomberg" xəbər vermişdi ki, Kabayevaya qarşı sanksiyaların tətbiqi təklifi Aİ səlahiyyətliləri tərəfindən irəli sürülüb.