16 May 2022
Mətni dəyiş
Aİ neft embarqosu ilə bağlı razılığa gələ bilməsə belə, Almaniya 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır. Bu barədə Bloomberg Almaniya hökumətindəki mənbələrə istinadən yazır.
Mənbələrin sözlərinə görə, alternativ təchizatçılarla müqavilələrin bağlanması prosesi uğurla gedir və Berlin yaxın altı-yeddi ay ərzində qalan logistik problemləri həll etməyi gözləyir.
Bu problemlər arasında ölkənin şimal-şərqində, Berlin hava limanını yanacaqla təmin edən Şvedt şəhərində iri neft emalı zavodu üçün alternativ xammal mənbələrinin axtarışı da var.
Ukraynada müharibə başlayandan Almaniya Rusiyadan idxal etdiyi xam neftin payını 35%-dən 12%-ə endirib. Amma Berlin alternativ xammal mənbələrini açıqlamır.
2022-ci ilin sonuna qədər Rusiya neftinə embarqonun tətbiqi Avropa Komissiyasının rəhbərinin mayın 4-də rəsmi olaraq elan etdiyi Aİ sanksiyalarının altıncı paketinin bir hissəsi idi.
Qeyri-rəsmi məlumatlara görə, Almaniya əvvəlcə embarqoya qarşı çıxsa da, sonda onu dəstəkləmək qərarına gəlib. Bununla belə, Macarıstan açıq şəkildə Rusiya neftinin idxalına qoyulan qadağanı dəstəkləməkdən imtina edib.
"Bloomberg"-in məlumatına görə, Avropa Komissiyası Macarıstana, eləcə də Slovakiya və Çexiyaya (hər üç ölkə Rusiya neftindən çox asılıdır) embarqonun təxirə salınmasını təklif edib. Macarıstanın baş naziri Viktor Orban embarqonun may ayının sonunda keçiriləcək Aİ liderlərinin sammitində müzakirə edilməsini təklif edib.