Uzun illərdir Azərbaycanda müxtəlif problemlərdən danışanda xüsusilə qeyd edilən mövzulardan biri kölgə iqtisadiyyatıdır. Bəli, kölgə iqtisadiyyatı dövlətin iqtisadi siyasətinin ən əsas düşmənlərindən biridir.
Azərbaycan da bundan əziyyət çəkən əsas ölkələrdən biridir ki, ölkənin vergi siyasəti demək olar ki, hər il mübahisə mövzusu olur. İqtisadçılar bildirirlər ki, sahibkarlar qanunu vergi mexanizimində iştirak etməyə maraqlı deyillər, buna səbəb yüksək vergi faizləridir.
Lakin president İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu istiqamətdə də vacib hədəflər qoyulmuşdu. Bəs görəsən, bu hədəflərə çatılıbmı?
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanda ən böyük vergi islahatları 2019-cu ilin yanvarından başlayıb.
Onun sözlərinə görə, 2019-cu ildədən etibarən qanunvericilikdə baş tutan 300 dəyişikliyinin tətbiqinə başlanılıb və nəticədə xeyli miqdarda qeyri-leqal vəsait hüquqi yollarla dövlət büdcəsinə cəlb edilib.
“Son 2-3 il ərzində əldə olunan nəticələr yaxşıdır. Biz DSMF-yə kütləvi daxil olmalar gördük, hətta 2019-ci ildə 150 milyon manata qənaət edildi. Bununla bərabər, minimum əməkhaqqı 300, minimum pensiya 240 manata çatdırıldı. Minimum əmək haqqının miqdarı yaşayış minimumunu keçdi. Bunların hamısı bu vergi siyasətinin nəticəsidir”, - deyə Pərviz Heydərov bildirib.
İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, Azərbaycanda hər il Vergi Məcəlləsinə dəfələrlə dəyişiklik olur.
Onun sözlərinə görə, bu dəyişikliklər vergi siyasətində qarşıya qoyulan hədəflərə uyğun aparılmır.
“Görünən odur ki, optimallaşma yoxdur. Burada şərait yaradılması deyiləndə kiçik və orta biznesin inkişafına şərait yaradılması nəzərdə tutulur, ancaq biz görürük ki, bu yaradılmır, Əksinə, sistem daha sərtləşir və daha çox vəsait tələb edir. Düzdür, burada deyilə bilər ki, passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçilir. Amma burada sabitlik yoxdur da, sahibkar bilmir ki, bir müddət sonra necə olacaq. Hər şey tez-tez dəyişir. Vergi siyasətində sabitlik olmalıdır. Ümumilikdə 2016-cı ildən bu vaxta qədər olan dəyişikliklər sahibkarlara şərait yaratmayıb, əksinə, çətinlik yaradıb”, deyə Toğrul Vəliyev bildirib.