7 May 2022
Mətni dəyiş
Mayın 6-da Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Mariupoldakı 'Azovstal' zavodunun ərazisindən 11-i uşaq olmaqla 50 nəfər təxliyə edilib, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bu məlumatları Ukrayna baş nazirinin müavini İrina Vereşçuk təsdiqləyib. TASS və RİA Novosti 51 nəfərin təxliyə edildiyini açıqlayıb.
Təxliyə edilən bütün mülki şəxslər BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verilib. Rusiya tərəfinin bəyanatında deyilir ki, onlar insanları 'seçilmiş müvəqqəti yaşayış yerlərinə' çatdırmalıdırlar.
Vereşçuk öz növbəsində qeyd edib ki, humanitar konvoyun 'Port Siti' ticarət mərkəzindən evakuasiyanı gözləyən digər Mauriupol sakinlərini götürməyə vaxtı olmayıb. O, bunu Rusiya tərəfindən 'döyüşlər, təxribatlar və atəşkəs rejiminin daimi pozulması səbəbindən' 'Azovstal'dan evakuasiyanın ləng getməsi ilə izah edib.
Hər iki tərəf həmçinin 'Azovstal'da humanitar əməliyyatın bu gün - mayın 7-də davam etdiriləcəyini bildirib.
'Azovstal' Mariupolda Ukrayna hərbçilərinin nəzarətində olan sonuncu yerdir. Aprelin sonunda ölkə rəsmiləri zavodda hərbçilərlə birlikdə ən azı 2000 mülki şəxsin olduğunu iddia etmişdilər.
Mayın əvvəlində BMT və Qırmızı Xaç Cəmiyyətinin dəstəyi ilə zavoddan onlarla mülki şəxs təxliyə edilib (tərəflər təxliyə edilənlərin sayı ilə bağlı müxtəlif məlumatlar verib). Onların bəziləri Zaporojyeyə çatdırılıb, digərləri isə, RF Müdafiə Nazirliyinin bildirdiyi kimi, DXR-də qalmağa qərar verib.
Mayın 6-da Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak və BMT-nin baş katibi Antonio Quterreş Mariupol və 'Azovstal'dan 500-ə yaxın insanın təxliyə edildiyini bildiriblər.