Azərbaycanda BOLT sürücüləri tətilə hazırlaşır

Azərbaycanda BOLT sürücüləri tətilə hazırlaşır
24 May 2022
Mətni dəyiş

Birqrup taksi sürücüsü Bolt taksi xidmətini boykot etməyə hazırlaşır. Aksiyanın təşkilatçısı Nicat Məmmədov artıq uzun müddətdir ki, sürücülərin narazı olduğunu deyir.

“Artıq 2 ildir ki, Boltla işləyirəm. Heç bir sürücünün problemi həll olunmur. Dəstək bölümünə yazanda bizə şablon mesajlar göndərilir. Buna görə qərara gəldik ki, bu addımı ataq”.

Sürücülər “Bolt”dan tələblərini 11 maddəlik şərtlər siyahısı şəklində təqdim ediblər.

Sürücülərin istəyi komissiyanın 20%-dən 10%-ə endirilməsidir. “Bu çoxdur. Məsələn, sürücü 20 km-lik yol sürəndə hardasa beş manat edir. Bunun da bir manatı şirkətə, bir manatı benzinə gedəndə, əldə heç nə qalmır. Çünki başqa xərclər də var. Minimal qiymət artıq 5-6 ildir ki, 1 manat 60 qəpikdir. O vaxtdan bəri benzinin, ehtiyat hissələrin qiyməti qalxıb. Buna görə minimal yol tarifinin 2.40 manatdan başlamasını istəyirik” - Məmmədov deyir.

Etirazçılar həmçinin gedilən ünvan, qiymət, ödəniş üsulunun əvvəldən sürücüyə göstərilməsini istəyirlər.

Digər şərtlər kartla olan sifarişlərin nağdlaşdırılması, gözləmə vaxtına görə hər dəqiqənin ən azı 10 qəpik qiymətləndirilməsidir.

N.Məmmədov 27 may axşam saat 17.00-dan başlayaraq, iki saat ərzində bütün Bolt sürücülərinin programı bağlayıb Boltu boykot edəcəklərini də bildirir. “Bu iki saat ərzində kim ki gündəlik arenda verir, onlar başqa şirkətin programı ilə işləyə bilər, təki Bolt bağlı olsun”.

Məmmədov deyir ki, etiraza qoşulan sürücülərin sayını artırmaq üçün də planları var: “Boykot zamanı hər kəs öz müştəri programından girib mərkəz (Sahil, 28 may, İşərişəhər) ərazilərə Boltdan sifariş verəcək. Sifarişi qəbul edən sürücüyə məlumat verəcik ki, saat 5-dən 7-yə kimi hamı programı bağlayıb, sən də bağla. Beləcə boykotdan məlumatı olmayan şəxsləri də boykota dəvət edəcik”. N.Məmmədov deyir ki, bu boykotun 1-ci mərhələsidir. Növbəti mərhələlərdə boykot müddətini artırmaq planlaşdılrılır. “O vaxta qədər ki, Bolt məcbur qalıb bizim tələbləri yerinə yetirəcək”.

Bundan başqa, sürücülər taksi şirkətlərinə nəzarət edən və şikayətlərini söyləyəcək qurumun olmasını da istəyirlər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov əsas məsələnin sürücülərin maddi rifahının yüksəlməsi ilə bağlı olduğunu deyir. “Mən taksi sürücülərinin hüquqlarının beynəlxalq taksi operatorları tərəfindən pozulmasının əleyhinəyəm. Buna son qoyulmalıdır. Bu gün taksi operatoru şirkətlərinin sürücülərdən aldığı komissiya haqqı yüksəkdir. Bu mütləq aşağı salınmalıdır. Hazırda operator şirkətləri 15-20% civarında komissiya haqqı tutur. Bu rəqəm 10%-i ötməməlidir. Belə olan halda taksi qiymətləri də yüksəlməz”. Ekspert taksi şirkətlərin və fərdi şəxslərin fəaliyyətlərinin Nazirlər Kabinetinin 4 mart 2019-cu il reqlamenti ilə tənzimləndiyini söyləyir.

Bolt şirkətinə gün ərzində müraciət etsək də, suallarımıza cavab almamışıq. Sürücülər də şirkətdən hər hansı reaksiya almadıqlarını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun