Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyalarının yaradılması ilə bağlı müvafiq qərarlar veriblər.
Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər. Ermənistan tərəfdən isə yeni komissiyada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avakyan və Aram Quqarats, Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, MTX-nin departamentlərdən birinin rəhbəri D.Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan yer alacaqlar. Bu istiqamətdə işlərin başlanması ilə bağlı razılaşma liderlərin son görüşündə qərara alınıb.