26 May 2022
Mətni dəyiş
Avropa İttifaqı sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankının təxminən 23 milyard avro məbləğində aktivlərini dondurub. bu barədə qurumun ədliyyə üzrə komissarı Didye Reynders məlumat verib. ABŞ da Rusiya Mərkəzi Bankının 100 milyard dollarlıq aktivlərini dondurub.
"Avropa Komissiyasının 27 Aİ üzvü ölkədən aldığı məlumata görə, bu dondurulmuş aktivlərin yalnız onda birindən az hissəsi Aİ-dədir", Reynders deyib.
Rəsminin sözlərinə görə, Aİ ölkələri həmçinin rusların yaxta və villaları da daxil olmaqla, 10 milyard avroya yaxın fiziki aktivlərini dondurub. Eyni zamanda, Reynders qeyd edib ki, Avropa İttifaqında dondurulmuş 23 milyard “ABŞ-ın dondurduğu 100 milyardla müqayisədə cüzi bir rəqəmdir”.
Avropa İttifaqı ilə yanaşı, martın əvvəlindən ABŞ, Böyük Britaniya və Yaponiya tərəfindən də Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edilərək, bankın yerli milli valyutalarda olan ehtiyatları dondurulub.
Bundan əvvəl Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib.