7 May 2022
Mətni dəyiş
Beynəlxalq insan haqları təşkilatı 'Amnesty İnternational' Rusiya hərbçiləri tərəfindən Buçada və Kiyev yaxınlığındakı digər ərazilərdə törədilmiş qanunsuz qətllərin 22 sənədləşdirilmiş halı ilə bağlı hesabat dərc edib. Sənəddə deyilir ki, onların əksəriyyəti açıq-aşkar mühakiməsiz edamlar olub.
Təşkilatın nümayəndələri 12 gün Buça, Borodyanka, Makarov, Dmitriyevka və digər yaşayış məntəqələrində olublar. Ümumilikdə, onlar qohumlarının və qonşularının öldürülməsinin şahidi və ya xəbəri olan 45 nəfərdən, həmçinin hava hücumlarının birbaşa şahidi olan 39 nəfərdən ifadə toplayıblar. Bundan əlavə, araşdırmaçılar hücum və qətllərin baş verdiyi ərazilərdən əşyayi-dəlilləri, həmçinin rəqəmsal materialları təhlil ediblər.
Buçada mühakiməsiz edamlar
Beynəlxalq Amnistiya Təşkilatı martın 4-dən 19-dək Buçada Yablunskaya/Vodoprovodnaya qovşağının şimal-qərbində yerləşən beş binadan ibarət kompleksdə beş mühakiməsiz qətli sənədləşdirib.
Martın 4-də satış meneceri və iki uşaq atası Yevgeni Petraşenko Yablunskaya küçəsi 203A ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən mənzilində güllələnib. Bu ünvanda tapılan güllələr Rusiya istehsalı olan 9x39 mm-lik patronlardır. Onlar AS Val avtomatı və 'Vintorez' snayper tüfəngi kimi bir neçə növ silah üçün istifadə olunur. Hesabatda deyilir ki, bu silahlardan yalnız Rusiyanın bir neçə elit bölməsi, o cümlədən paraşütçülər istifadə edir.
43 yaşlı Petraşenkonun həyat yoldaşı Tatyana ərinin öldürüldüyü gün başına gələnləri danışıb: "Mən zirzəmidə idim, Yevgeni isə yuxarıda - mənzilimizdə idi. O, saat 20:00-da mənə mesaj yazdı ki, rus əsgərləri qapı-qapı gəzərək mənzillərə soxulmağa çalışır. Qonşumuz dedi ki, o da öz mənzilində olub və əsgərlər içəri girmək istəyəndə Yevgeniyə zəng edərək yuxarı qalxmasını istəyib. Əsgərlərə tək olduğunu, qapını ancaq qonşusu gələndən sonra açacağını deyib. Yevgeni gəlib, o da qapını açıb, əsgərlər onun mənzilini axtarıb gediblər, Yevgeni isə evə qayıdıb. Amma bütün gecə və növbəti gün ərzində ondan xəbər yox olmayıb.
Martın 6-da onların qonşusu Leonid Petraşenkonu yoxlamağa gedib. Qayıdanda Tatyanaya ərinin güllələndiyini deyib. Rus hərbçiləri onun mənzilə girməsinə icazə veriblər. Onun sözlərinə görə, Yevgeni mətbəxdə ölü uzanıb. O, kürəyindən, ağciyərindən və qaraciyərindən güllə yarası alıb. Onun meyiti martın 10-dək mənzildə qalıb, yalnız bundan sonra onu həyətdəki qəbirdə basdırmağa nail olublar. Bir həftə sonra Leonid də öldürülüb.
41 yaşlı Dmitri Konovalov, araşdırmaçıların fikrincə, qonşu evdə güllələnib. Qardaşlarından biri deyib ki, çox vaxt qonşu evin zirzəmisində olurdular, mənzillərinə ancaq telefonlarını enerji ilə doldurmaq və yatmaq üçün qayıdırdılar. .'Martın 4-ü və ya 5-i - dəqiq hansı gün olduğunu xatırlamıram - komendant saatına az qalmış, təxminən 16:30-16:45 radələrində qardaşım əsgərlərin olduğu həyətə siqaret çəkməyə çıxdı. O və 15 yaşlı qonşumuz qonşu binanın küncündə Yablunskaya küçəsinə baxan zirzəmiyə girişin yanında dayanmışdı. Bir neçə rus əsgərinin yaxınlaşdığını görüb həyətə qayıtdılar. Oğlan zirzəmiyə qaçdı, qardaşım isə zirzəminin nərdivənlərində oturub siqaret çəkirdi. Əsgərlər binanın küncünə keçərək bir neçə dəfə boyun, sinə və üz nahiyəsinə atəş açıblar', o deyib. Onlar Konovalovu cəmi beş gün sonra həyətdəki qəbirdə basdıra biliblər.
Martın 12-də 61 yaşlı İlya Navalnı güllələnib. Qonşu bildirib ki, səhər saatlarında İlya başqa bir qonşu ilə telefonlarını enerji ilə doldurmaq üçün xəstəxanaya gedib və qayıdandan sonra o, nahar hazırlamağa başlayıb. Navalnı nahar etməyə gəlib, sonra evə gedib. İki saat sonra qışqırıq səsləri eşidib bir neçə əsgərin həyətdə qaçaraq qışqırıb atəş açdığını görüblər. Atışma başa çatdıqdan sonra beşinci girişdən yaşlı cütlük onların zirzəmisinə gəlib, saat 17:00-dan sonra evlərinə qayıdıblar. Həyətdə üzüstə uzanmış Navalnını görüblər.
Üç qonşu danışıb ki, səhəri gün Navalnının cəsədinə baxıblar və atəşin arxadan və başından açıldığını görüblər. Geyindiyi yun papaq qan içində idi. Onun şəxsiyyət vəsiqəsindən qoparılan vərəqlər meyitin ətrafına səpələnib.
İşgəncədən sonra mühakiməsiz edamlar
'Amnesty İnternational' Rusiya hərbçiləri tərəfindən mülki şəxslərin öldürülməsi ilə bağlı iki hadisəni də araşdırıb, bu insanların cəsədlərində edamdan əvvəl işgəncə izləri aşkar edilib.
47 yaşlı pəncərə ustası, iki uşaq atası Vasil Nedaşkivski və onun 20 yaşlı qonşusu İqor Litvinenkonun cəsədləri Buçadakı evin zirzəmisində tapılıb.
Nedaşkivskinin arvadı Tatyana 'Amnesty International'-a bildirib ki, rus əsgərləri hər yerdə idilər, binalara girib-çıxır, sahibləri getmiş mənzilləri talayır və istifadə edirdilər.
'Ərim və oğlum ərazi müdafiə qoşunlarına kömək edirdilər, səngərlər qazırdılar və əsgərlər bundan xəbər tutdular. Bizi qonşu evin ikinci mərtəbəsində istifadə etdikləri mənzilə apardılar, bundan sonra Vasilini bir daha görmədim. Onun haqqında soruşduqda mənə dedilər ki, onu dindirilmək üçün qərargaha aparıblar. Mən dedim ki, biz mülki vətəndaşıq, cavab olaraq əsgərlərdən biri çiynimə vurub dedi: 'Biz hər şeyi bilirik, burada məlumat verənlərimiz var'. Onlar mənə pislik etmədilər və dindirmədilər - qadın deyib - Mən digər sakinlərlə birlikdə zirzəmiyə qayıtdım və ərimin azad olunmasını gözlədim, amma o, bir daha geri qayıtmadı. Martın 31-də ruslar gedəndən sonra qonşum gedib zirzəmiyə baxmağımı dedi. Orada Vasili və İqorun öldüyünü gördüm'.
'Amnesty İnternational'-ın hesabatına görə, Nedaşkivskinin cəsədinin fotoşəkillərində onun əllərində və başında açıq yaralar görünür, xüsusilə başındakılar böyük olub. Araşdırmaçıların məlumatına əsasən, fotolarda qarın və sağ tərəfdə qançırlar da müşahidə edilir.
"Sağa-sola atəş açırdılar"
Buçada 56 yaşlı təqaüdçü Tatyana Pomazenko, yaxınlarının ifadəsinə görə, fevralın 27-də səhər saatlarında evinin həyətində güllələnib.
Onun 76 yaşlı anası Larisa Savenko araşdırmaçılara bildirib ki, səhər saat 10:00 radələrində onlar küçədə Rusiya hərbi maşınlarının karvanının getdiyini görüblər. 'Mən ona dedim ki, tez evə girsin, çünki əsgərlər küçələrlə keçərkən sağa-sola atəş açırdılar və bu, təhlükəli idi. O, mənim içəridə olduğuma əmin olmaq istədiyini, sonra evinə gedəcəyini söylədi'. 'Vaxtım var' dedi. Hərbi maşınlar gəlib evini atəşə tutmağa başladılar. Bütün pəncərələr və qapılar sındırıldı, - Savenko deyir. - Bütün günü evin qarşısında yerdə qaldı, gecə onu bağçada özüm basdırdım'.
Onun sözlərinə görə, martın 5-də hərbçilər qayıdıb BTR-i onun bağında saxlayıblar. O zaman oğlu onun yanına gəlmişdi və rus hərbçiləri evlərini istifadə etdiyi müddətdə onlar tövlədə yaşamalı olublar. 'Tualetə getmək üçün də evə girə bilmirdik. Vedrələrdən istifadə etməli olurduq. Yemək bişirmək üçün ocaq yandırdıq, amma onlar icazə vermədiklərinə görə, söndürməli olduq. Beş nəfər idilər. Komandirdən başqa hamısı çox gənc idi. Telefonumuzu götürdülər, amma sonra qaytarmadılar', - deyə o əlavə edib.
Martın sonunda iki əsgər Savenkonun yanına gəlib. Onun dediyinə görə, qızının meyitinin harada olduğunu soruşublar: 'Meyidi götürmək istədiklərini, mənim də onlarla getməli olduğumu dedilər. İmtina etdim. Yoldaşları onlara çağırdığından fikirləri yayındı, sonra da getdilər'.