Kentukidən olan senator Rend Pol (Respublikaçılar Partiyası) ABŞ Konqresinin Yuxarı Palatasının Ukraynaya təxminən 40 milyard dollar həcmində yardım ayrılmasının təsdiqinə veto qoyub.
Onun dediyinə görə, ABŞ hazırda öz iqtisadiyyatına zərbə vuraraq, Ukraynanı xilas edə bilməz.
Senator qeyd edib ki, Konqres təşəbbüsü ələ aldığı təqdirdə xəzinənin xərclərini yüz ölçüb-bir biçməlidir.
O, həmçinin izah edib ki, hazırda ABŞ üçün ən böyük təhlükə dövlət borcu, inflyasiya və dolların zəifləməsidir. Odur ki, indiki şəraitdə Vaşinqton, sadəcə, “dünya jandarmı” rolunu oynaya bilməz.
Ukraynaya yardım haqqında qanun layihəsini Senat vasitəsilə təcili prosedurla yerinə yetirməyə cəhd ediblər.
ABŞ Konqresinin Yuxarı Palatasının qaydalarına görə, istənilən senator qanun layihəsini sadələşdirilmiş prosedurla səsverməyə çıxara bilər, lakin hər bir senatorun veto hüququ da var.
Polun qanun layihəsini bloklamasından sonra bu təşəbbüsə senatorlar tərəfindən adi rejimdə baxılacaq.
Qərarın qəbul edilməsi üçün səsçoxluğu yetərlidir, yəni belə olan təqdirdə Rend Pol artıq layihəni bloklaya bilməyəcək.
Mayın 11-i ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya rekord məbləğdə – təxminən 40 milyard dollar həcmində əlavə yardım paketi haqqında qanun layihəsini təsdiqləyib.
Bundan əvvəl, mayın 9-u ABŞ Prezidenti Co Bayden Ukraynaya “Lend-Liz” proqramı çərçivəsində silahların tədarükü barədə qanun imzalayıb.