Cümə günü ABŞ dövlət katibi Entoni Blinken və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto əmin olduqlarını bildiriblər ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı etirazı iyunda Madriddə keçiriləcək NATO sammitinə qədər aradan qaldırıla bilər, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.
"Bir neçə həftədən sonra NATO sammiti olacaq və biz sammitin yaxınlaşması ilə prosesin irəliləyəcəyini gözləyirik", - Blinken Dövlət Departamentində finlandiyalı diplomatla görüşdən sonra jurnalistlərə bildirib.
"Finlandiya və İsveç birbaşa Türkiyə ilə danışıq aparır, Türkiyənin qaldırdığı bəzi problemlər üzərində işləyir və onların həlli yollarını tapırlar".
"Biz bu prosesi dəstəkləyirik və Türkiyə ilə birbaşa əməkdaşlıq edirik", - o deyib.
Öz növbəsində Haavisto deyib ki, Finlandiya Türkiyənin narahatlığı ilə bağlı "bütün məsələlərin aydınlaşdırılması üçün birbaşa və konstruktiv dialoq" aparır.
"Kürdüstanın İnqilab Partiyası Finlandiyada qadağan olunmuş təşkilatdır",- o əlavə edib.
Blinken həmçinin deyib, o və Haavisto diqqəti NATO-nun Alyans üzvlərini Rusiyanın gələcək təcavüzündən necə qoruya biləcəyinə yönəldiblər.
"Bu, Finlandiya və İsveçi müttəfiqlərimiz adlandırmaq və qarşıdakı illərdə onlara arxalanmaqdan ötrü səbirsizliklə gözləməyimiz üçün daha bir səbəbdir", - o əlavə edib.
Dövlət Departamentinin məlumatına görə,
Cümə günü Dövlət Departamentində Blinken Finlandiya naziri ilə görüşməzdən öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ-ın hərbi dəstəyi və Rusiyanın hücumu nəticəsində yaranan ərzaq böhranının nizamlanması üzrə səylərdən danışıb, Dövlət Departamenti bildirib.
Bayden administrasiyası Konqresin təxminən 40 milyard dollarlıq yardım paketini qəbul etməsindən sonra yaxın günlərdə və aylarda Ukraynaya daha çox silah və humanitar yardım göndərməyə hazırdır.
Diplomatlar Ukrayna limanlarının blokadası nəticəsində yaranan ərzaq qıtlığını müzakirə ediblər və qeyd ediblər ki, “Kreml ərzağı silaha çevirməkdə və ABŞ sanksiyalarına dair yalan bəyanatlar yaymaqda davam edir”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bəyanatında deyilir.
Cümə günü prezident Co Bayden də Putinin hərəkətlərini şərh edərək bildirib ki, Kreml lideri "bütün Avropanı finlandiyalaşdırmağa, onu tamamilə neytral etməyə cəhd edib... Bunun əvəzində o, bütün Avropanı NATO-ya çevirdi".
Bayden deyib ki, Qərbin Putinin Ukraynadakı “amansız” müharibəsinə reaksiyası göstərir ki, dünya coğrafi baxımdan yox, “dəyərlər baxımından” bir araya gəlir.
Putin təkcə “Ukraynanı ələ keçirməyə çalışmır, o, Ukrayna xalqının mədəniyyətini və kimliyini məhv etməyə çalışır”, - Bayden deyib. “Məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, muzeylərə hücum ancaq mədəniyyəti məhv etmək məqsədilə edilir. Beynəlxalq düzənin fundamental prinsiplərinə birbaşa hücumdur”.
Bayden avtokratiyalar və demokratiyalar arasındakı qlobal mübarizədən də danışıb.
“Mən Si Tszinpinlə daha çox görüşmüşəm, nəinki digər dünya liderləri. O, prezident seçilməyim münasibətilə məni təbrik etmək üçün zəng edəndə dedi: “21-ci əsrdə demokratiyalar davamlı ola bilməz. Dünyanı avtokratiyalar idarə edəcək. Niyə? Çünki hər şey çox sürətlə dəyişir. Demokratiya konsensus tələb edir və buna vaxt lazımdır, sizin isə vaxtınız yoxdur. O yanılır...” Bayden əlavə edib.-