"Əgər 'ağıllanmaq' deyəndə jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur"

"Əgər 'ağıllanmaq' deyəndə jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur"
11 May 2022
Mətni dəyiş

Bu günlərdə bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova baş verənlərlə bağlı növbəti dəfə fikrini bölüşüb.

Məmmədova bu barədə feysbuk hesabında paylaşım edib. Ona dəstək olan hər kəsə təşəkkür edən Məmmədova bildirib ki, o, hələlik istintaqdan nə razıdır, nə də narazı.

Jurnalistin fikirlərini olduğu kimi təqdim edirik:

"Dəyərli dostlar, ilk növbədə hamınıza diqqətə, dəstəyə görə minnətdaram. Sağlıq durumum imkan verən kimi, hər birinizə ayrı-ayrılıqda da mütləq yazacam. Sizlər olmasanız, belə mərhələləri adlamaq da çətin olar.

Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir: “Sən ağıllanmadın da...”
Arxasınca öz əxlaqına, öz ailəsinin tərbiyəsinə uyğun ifadə tərzilə 12 yaşlı övladını ölümlə hədələyir...
Hadisədən üç gecə keçir. Elə gecə olmayıb ki, mən iki saatdan artıq yuxu yata bilim...
İki gün ərzində dəfələrlə Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsində olmuşam, izahat vermişəm, başqa qurumlarda görüşmüşəm. Hadisənin ertəsi gün ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər. Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum.
Mən izahatlarımda da bildirmişəm, bir daha bəyan edirəm: mənim şəxsi zəmində heç kiminlə ədavətim, düşmənçiliyim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır!
Ən çox verilən suallardan biri budur: istintaqdan razısan? Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır...
Amma narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacağam...
Sonda bir daha qayıdıram “ağıllanmaq” məsələsinə. Əgər “ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur...", - deyə hücuma məruz qalan jurnalist Aytən Məmmədova bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun