Ukrayna prezidenti Volodimir Zelenski aprelin 2-nə keçən gecə yaydığı videomüraciətdə rusiyalıları aprelin 1-dən başlayan müddətli həqiqi hərbi xidməti boykot etməyə çağırıb.
“Hər bir belə çağırışçıya, onların valideynlərinə xəbərdarlıq edin: burada bizə yeni ölülər lazım deyil. Övladlarınıza qayğı göstərin ki, onlar bədxah olmasınlar. Onları orduya göndərməyin, evdə yaşamaları üçün əlinizdən gələni edin. Evdə”, - deyə Zelenski rus dilində danışıb.
Ukrayna prezidenti Krım sakinlərinin Rusiya ordusuna çağırılmasını beynəlxalq humanitar hüququn pozulması və müharibə cinayəti adlandırıb. O bildirib ki, bu, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin xeyrinə daha bir arqumentdir.
“Bütün Krımın sakinlərinə demək istəyirəm ki, bu planı sabotaj edin. İstənilən mərhələdə. Əgər alınmazsa, o zaman cinayət əmrlərinə tabe olmayın və ilk fürsətdə təslim olun, Ukrayna silahlı qüvvələrinə təslim olun. Hamımız başa düşürük. Sən yaşayacaqsan”, - deyə Zelenski Ukrayna dilində danışıb.
Rusiya ordusuna yaz çağırışı aprelin 1-dən iyulun 15-dək davam edir. Bu yaz Rusiya hakimiyyəti 134,5 min nəfəri xidmətə çağırmağı planlaşdırır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın sonunda orduya çağırılan çağırışçıların “qaynar nöqtələrə” göndərilməyəcəyinə söz vermişdi.
Rusların Ukraynaya hücumu zamanı çağırışçıların müharibəyə cəlb olunduğu barədə məlumatlar yayılıb. Əvvəlcə Rusiya Müdafiə Nazirliyi bunu təkzib etsə də, daha sonra Ukraynada döyüşən ordu birləşmələrində “çağırışçıların olması ilə bağlı bir neçə faktı” etiraf edib.