İran Azərbaycanının Zəncan vilayətinin Əbhər şəhərində müəllimlərin həmkarlar ittifaqının üzvü olan Əhməd Təqəvi həbs edilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Əbhər şəhərində təqaüddə olan müəllim Əhməd Təqəvi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və naməlum yerə aparılıb. Eyni gündə həmin şəhərdə yaşayan başqa bir vətəndaşın telefon vasitəsilə İslam İnqilabı Qvardiyasının kəşfiyyat idarəsinə çağırıldığı bildirilib.
İran hökumətinin təhlükəsizlik qüvvələri cənab Təqəvini şəxsi evindən naməlum yerə aparıblar.
Daha öncə də apardığı fəaliyyətlərdən dolayı həbs edilən cənab Əhməd Təqəvinin hazırda harada saxlandığına dair və həmçinin ittihamı ilə bağlı heç bir məlumat yayılmayıb. Təqaüdçü müəllim və müəllimlərin həmkarlar ittifaqının üzvü daha öncə 2018-ci ilin dekabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Əhməd Təqəvinin tutulması ilə eyni gündə Əbhər Şəhərində Bəhram İslami adlı başqa bir vətəndaş isə İslam İnqilabı Qvardiyasının (Sepah) kəşfiyyatı tərəfindən telefon vasitəsilə çağırılıb.
Sepahın kəşfiyyat məmurları aprelin 6-da telefon danışığı zamanı milli fəaldan bir sıra suallara cavab vermək üçün Sepahın kəşfiyyat idarəsinə müraciət etməsini istəyib.
Son zamanlarda yüksək inflyasiya və bir çox dövlət qurumlarının işçiləri maaşlarının az olmasına etiraz olaraq ölkə boyu mitinqlər keçirirlər.