28 Aprel 2022
Mətni dəyiş
Aprelin 27-də Ermənistanın paytaxtı Yerevanda müxalifətin etiraz aksiyaları davam edib. Mitinq artıq ikinci gündür ki, keçirilib. ˝Müqavimət˝ hərəkatı Nikol Paşinyan hökumətini Azərbaycanın bütün Dağlıq Qarabağ ərazisi üzərində suverenliyini tanıyaraq onunla saziş imzalamaq niyyətində olmaqda ittiham edir. Müxalifətin fikrincə, hadisələrin bu cür inkişafının qarşısını Paşinyanın ictimai təzyiq altında istefası ilə almaq olar.
Nümayişçilərdən bəziləri, əlavə olaraq, aprelin 26-da Paşinyanın kortejinin avtomobili tərəfindən İrəvanda vurulan hamilə qadının ölümünə qəzəblərini ifadə ediblər.
Aprelin 27-də rəsmilər etiraf ediblər ki, baş nazir qəza zamanı kortejdəki avtomobillərdən birində olub. Paşinyanın ofisi təkid edir ki, baş nazir maşının pəncərəsindən “yıxılan qadını” görüb və təcili yardım çağırmağı tapşırıb, lakin onu kortejdən avtomobilin vurmasından xəbəri olmayıb. Paşinyanın aparatının rəis müavini kortejin niyə yerə yıxılan qadına kömək etmək üçün dayanmadığını soruşduqda belə cavab verib ki, bu, tıxac yarada bilərdi və təcili yardım maşını keçə bilməyəcəkdi.
Nə qadını, nə də uşağı xilas etmək mümkün olmayıb. Bildirilir ki, faciədən xəbər tutan Paşinyan mərhum 28 yaşlı Sona Mnatsakanyanın atası ilə danışıb, başsağlığı verib və hadisə ilə bağlı obyektiv araşdırma aparılacağına əmin olub.
“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, çərşənbə axşamı Yerevanda keçirilən etiraz aksiyaları zamanı xuliqanlıqda şübhəli bilinən üç nəfər, çərşənbə günü isə təxminən 20 nəfər saxlanılıb.
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı ərazi mübahisəsi 1980-ci illərin sonlarından davam edir. Əsasən etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın dəstəyi ilə Azərbaycan SSR-dən çıxdığını elan edib və 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan edib.
1988-1994-cü illərdə baş verən silahlı münaqişə zamanı separatçı bölgədə 30 min insan həlak olub. Dağlıq Qarabağ və Azərbaycanın bir sıra ona bitişik rayonları faktiki olaraq Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib. Nəticədə yüz minlərlə insan, əksəriyyəti etnik azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
“Dağlıq Qarabağ Respublikası” BMT dövlətlərinin heç biri, o cümlədən Ermənistan tərəfindən rəsmən tanınmayıb. 1993-cü ildə BMT Ermənistan qoşunlarının Qarabağ bölgəsindən çıxarılmasını və ərazinin Azərbaycanın tərkib hissəsi kimi tanınmasını tələb edən dörd qətnamə qəbul edib.
2020-ci il sentyabrın sonunda vəziyyətin növbəti gərginləşməsindən sonra Azərbaycan Dağlıq Qarabağ ətrafındakı əraziləri öz nəzarətinə qaytararaq qədim və simvolik əhəmiyyətə malik Şuşanı alıb. Şuşanın alınmasının ertəsi günü Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında bəyanat imzalayıblar.
Müqavilənin şərtlərinə görə, sənəd imzalanan zaman qoşunların yerləşdiyi ərazilər Ermənistan və Azərbaycana verilib. Təmas xətti boyunca Rusiyanın sülhməramlı missiyası yerləşdirilib.