Xarici ölkələrdə çalışan vətəndaşların sosial müdafiəsi təmin edilir?

Xarici ölkələrdə çalışan vətəndaşların sosial müdafiəsi təmin edilir?
6 Aprel 2022
Mətni dəyiş

2012-ci ildə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında hədəflənən məsələlərdən biri də xarici ölkələrdə çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlərin görülməsi idi.

Ancaq xaricdə yaşayan və işləyən azərbaycanlıların zaman-zaman üzləşdikləri sosial problemlərlə bağlı fikirlər səsləndirməsi bu istiqamətdə görülən işləri sual altında qoyur.

AbzasMedia mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib.

Qurumdan bildirilib ki, xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın sosial müdafiəsinin təmin edilməsi beynəlxalq əməkdaşlıq istiqamətində  fəaliyyətin əsas istiqamətlərindən biridir.

“Müxtəlif ölkələrin aidiyyəti qurumları ilə əmək miqrasiyası sahəsində də əməkdaşlıq həyata keçirilir, bununla bağlı olaraq ikitərəfli sazişlər imzalanır. Ötən dövrdə Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Belarus və digər ölkələrlə belə sənədlər imzalanıb. Bu kimi sazişlərdə Azərbaycan vətəndaşlarının həmin ölkələrdə, həmin ölkələrin Azərbaycanda işləyən vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi də yer alır”, - deyə qeyd olunub.

Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə deyir ki, hazırda xaricdə işləyən vətəndaşların əmək hüquqlarının qorunması, həmçinin pensiya təminatı məqsədilə ikitərəfli komissiyaların iştirakı ilə beynəlxalq müqavilələr hazırlanır və imzalanır.

Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə

Onun sözlərinə görə, bu vaxta qədər Türkiyə, Serbiya və Rusiya kimi bir sıra ölkələrlə oxşar müqavilələr imzalanıb. Həmin ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının və Azərbaycanda işləyən həmin ölkə vətəndaşlarının əmək stajlarının hesablanması, investisiya ödənişləri, sosial siğorta haqları kimi məsələlər qarşılıqlı köçürmə əsasında icra olunacaq.

“Həmçinin, iş yerində qəzalar, əməyin təhlükəsizliyi kimi məsələlər də bu müqavilələr ilə nizamlanacaq. Məsələn, əvvəllər Rusiyada işləyən Azərbaycan vətəndaşının işlədiyi illər əmək stajı kimi hesablanmırdısa, bu müqavilələrin icrasından sonra hesablanacaq.

Xaricdə işləyən Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılsa da, kifayət hesab etmirəm. İkitərəfli müqavilələr olsa da, onların əksəriyyəti son 1-2 ildə imzalanıb və qarşılıqlı razılaşma əldə olunan ölkələrin sayı azdır. Həmçinin, hazırda sözügedən müqavilələrin icrası ilə bağlı praktiki irəliləyiş yoxdur. Razılaşmalar əldə olunub, amma praktiki nəticəsini hələ ki, görə bilmirik”, - deyə Fərid Rüstəmzadə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun