15 Aprel 2022
Mətni dəyiş
Yanğından sonra Qara dənizdə batan “Moskva” raket kreyseri Ukraynanın gəmi əleyhinə raketi ilə vurulub, ˝The Washington Post˝ ABŞ hökumətinin yüksək vəzifəli mənbəsinə istinadən yazır.
Bununla belə, agentliyin həmsöhbəti Ukrayna hərbçilərinin hansı silah sistemindən istifadə etdiyini deyə bilməyib. Bundan əvvəl Ukrayna mediası və siyasətçiləri, o cümlədən Odessa vilayətinin administrasiyasının rəhbəri Maksim Marçenko kreyserə Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raketləri ilə hücum edildiyini bildirmişdilər.
Digər Pentaqon mənbəsinin WP-yə verdiyi məlumata görə, ˝Moskva˝ kreyserində partlayış aprelin 13-də gəmi Odessadan təxminən 75 dəniz mili aralıda olarkən baş verib. Aprelin 14-də Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, həqiqətən də gəmidə partlayış baş verib, lakin buna nəyin səbəb olduğu hələ məlum deyil.
Rusiya Müdafiə Nazirliyi kreyserdə naməlum səbəbdən yanğının baş verdiyini və bunun nəticəsində sursatların partladığını açıqlayıb. Aprelin 15-nə keçən gecə Müdafiə Nazirliyi fırtına nəticəsində gəminin yedəkləmə zamanı dayanıqlığını itirərək batması barədə məlumat yayıb.
Aprelin 15-də günortadan sonra Rusiyanın ˝TASS˝ dövlət agentliyinin mənbəsi bildirib ki, “Moskva” kreyserinin ekipajı Sevastopola çatdırılıb. Agentliyin həmsöhbəti şəhərə neçə nəfərin gəldiyini dəqiqləşdirməyib. Ümumilikdə yanğın zamanı kreyserdə 680-ə qədər adam ola bilərdi.
˝UNIAN˝-ın jurnalisti Roman Tsimbalyuk iddia edir ki, aprelin 14-də səhər saatlarında 14 dənizçi kreyserdən Sevastopola aparılıb, sonra onlar xəstəxanaya yerləşdiriliblər. Digər mənbələr bu məlumatı təsdiqləməyib.