BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) bildirdiyinə görə, Rusiyanın əsassız işğalına başlamasından sonra ölkəsini tərk edən ukraynalıların sayı hazırda 5 milyonu keçib. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük qaçqın axınıdır.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin aprelin 20-də açıqladığı məlumatında fevralın 24-də Rusiyanın başlatdığı müharibə səbəbindən 5 milyon 34 min 439 ukraynalının ölkəni tərk etdiyi bildirilib.
BMT bildirib ki, Kiyev hökuməti orduya çağırış yaşında olan kişilərin ölkəni tərk etməsinə icazə verilmədiyi üçün qaçanların 90 faizi qadın və uşaqlardır.
BMT aprelin 5-də müharibə səbəbindən təxminən 7,1 milyon insanın Ukrayna daxilində didərgin düşdüyünü bildirib.
Təxminən 2,8 milyon qaçqını qəbul edən Polşa sərhədi keçənlər üçün əsas yer olub. Avropa İttifaqının digər üzvü olan Rumıniya 757 mindən bir qədər çox olmaqla, ikinci ən böyük ukraynalı qaçqın axınına məruz qalıb. Hər iki halda qaçqınların bir hissəsi başqa istiqamətlərə üz tutub.
Ukraynanın digər qonşusu, Avropa İttifaqının üzvü Macarıstan indiyədək 471 min ukraynalı qaçqını qəbul edib.
Ukrayna və Rumıniya arasındakı Avropanın ən yoxsul ölkələrindən biri olan Moldovaya fevralın 24-dən bəri 426 mindən çox ukraynalı axını müşahidə edilib.
Ukrayna ilə 100 kilometrdən az sərhədi olan Slovakiya 342 min qaçqını qəbul edib. Daha az sayda - 24 min ukraynalı Rusiyanın əsas müttəfiqi olan Belarus sərhədini keçib.