Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum əmri verərkən ağlından nə keçdiyini bilmək mümkün olmasa da, əksər ekspertlər onun bir neçə gün ərzində qələbə qazanacağını düşündüyü qənaətindədirlər.
Ötən bir ayda müharibə tərəflərin bir-birlərini taqətdan salma mübarizəsinə çevrilib. Amerikanın "Atlantic Council" beyin mərkəzi üçün məqalə yazan hərbi analitiklər Benyamin Conson, Tayson Vetzel və Y.B. Barranko deyir ki, Rusiya Ukrayna müqavimətini əzmək üçün ən qəddar taktikalardan istifadə edib:
˝Biz düşünürük ki, Rusiya bu müharibədə Ukraynanın təbii resurslara çıxışını, eyni zamanda Qara dənizlə əlaqəsini kəsməyi, bununla bərabər, kənd təsərrüfatı fəaliyyətində uzunmüddətli fasiləni təmin etməklə qıtlıq yaratmağı düşünür˝.
Lakin uzunmüddətli müharibə Rusiyanın özü üçün də ziyanlı olacaq. İndi əsl sual budur ki, bu ziyan nə qədər olacaq?
'Bahalı iş' Böyük Britaniyada yerləşən “Royal United Services Institute” analitik mərkəzinin Avropa təhlükəsizlik tədqiqatçısı Ed Arnold deyir ki, qoşunlar xüsusilə öz bazalarından çox uzaqda olduqda hərbi əməliyyatları davam etdirmək baha başa gələn işdir.
“Böyük miqdarda döyüş sursatı saxlamaq, texnikanı yanacaqla, hərbçiləri isə ərzaqla təmin etmək lazımdır”, - deyə o, əlavə edir.
Arnold deyir ki, müharibədə Rusiyanın maddi-texniki problemlərini göstərən bir çox əlamət var: “Bunlardan ən diqqət çəkənləri xarab olduğu üçün tərk edilmiş Rusiya texnikaları və hərbi maşınlarıdır. Yəqin ki, əməliyyatların bir neçə günə başa çatacağını düşünürdülər və buna görə də tam hazırlıqlı deyildilər”, - deyə o, əlavə edir. Akademik və ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü admiralı Ceyms Stavridis deyir ki, müharibə davam etdikcə Rusiyanın xərcləri artır, iqtisadiyyatı isə çökür.
O qeyd edir ki, Rusiya 600 milyard dollar civarında ən böyük valyuta ehtiyatlarından birinə sahib olsa da, bu ehtiyatların böyük hissəsi Qərb ölkələrində olduğu üçün əlçatatan deyil. Səbəb isə Rusiyanın sanksiyalar altında olmasıdır.
Müharibə Rusiyaya neçəyə başa gəldi?
Analitik hesabatlar hazırlayıb Ukrayna hökumətinə tövsiyələr verən İqtisadi Bərpa Mərkəzi adlı bir qrup iqtisadçının açıqladığı rəqəmlərə görə, işğalın ilk 23 günündə Rusiyanın birbaşa hərbi xərcləri 19.9 milyard dollar təşkil edib.
Bu müddət ərzində Rusiyanın 9 milyard dollarlıq texnikası məhv edilib.
“Bura qanadlı raketlərin qiymətini və insanların ölməsi səbəbindən qarşıdakı 40 il ərzində iqtisadiyyatın potensial kiçilməsini də əlavə edin”, - deyə təhlildə qeyd olunur. Ukrayna martın 19-da 14 min 400-dən çox rus əsgərinin öldürüldüyünü açıqlayıb.
Burada qeyd olunan xərclərə təxliyə, yaralıların bərpası, ərzaq və enerji xərclərini də əlavə etdikdə dəqiq rəqəmləri yazmaq çətin olsa da, təhlilçilər müharibənin Rusiyaya bədəlinin çox böyük olduğunu düşünürlər. Bu, Qərb sanksiyalarının nə dərəcədə təsirli olacağından da asılıdır.
Əsas amillərdən biri də odur ki, Avropa ölkələri Rusiyadan qaz alışını dayandıra bilməyəcəklər.
Belə bir addım atmaq çox çətindir, çünki Avropa İttifaqının təbii qaz idxalının təxminən 40 faizi Rusiya tərəfindən təmin edilir.
Bir neçə Rusiya bankının “SWIFT” ödəniş sistemindən çıxarılmasından sonra digər Rusiya bankları da oxşar sanksiyalara məruz qalarsa, vəziyyət dəyişə bilər. Bu ödənişlərin zamanında və normal təminatı üçün çox ciddi problem olar.
Nəhayət, Rusiyanın bütün bunlara nə qədər tab gətirə bilməsi müttəfiqlərindən də asılıdır. Xüsusilə birindən.
Çin faktoru Ekspertlər Çinin münaqişəyə təsir edə biləcəyi ilə razılaşsa da, Pekinin niyyətləri ilə bağlı fikir ayrılığı var.
Martın 19-da Çin xarici işlər nazirinin müavini Le Yunçen çıxışında Qərbin sanksiyalarının ifrat olduğunu və bundan ən çox Rusiyanın sadə vətəndaşlarının əziyyət çəkəcəyini bildirib:
"Tarix bizə göstərir ki, sanksiyalar problemləri həll edə bilməz. Sanksiyalar yalnız sadə insanlara, iqtisadi və maliyyə sisteminə ziyan vurur və qlobal iqtisadiyyatı da pisləşdirir", - deyə o, əlavə edib. “Lancaster” Universitetindən Renaud Fukart deyir ki, Rusiyanın üzləşdiyi problemləri nəzərə alsaq, Çini Rusiya üçün həyati əhəmiyyət kəsb edir.
"Sanksiyalar davam edərsə, Rusiya Çin və Belarusdan başqa bütün əsas ticarət tərəfdaşlarından məhrum olacaq", - Fukart deyir.
İspaniyanın “IE” Biznes Məktəbinin professoru Maksim Mironov deyir ki, Çin Rusiyadan xammalı çox ucuz alacaq, Rusiyaya lazım olan məhsulları isə çox baha satacaq.
"Çin Rusiyaya müstəmləkə kimi yanaşacaq. Bu müharibənin yeganə qalibi Pekin olacaq", - deyə o, əlavə edir. Moskva bəyan edir ki, Qərbin sanksiyaları Rusiya kimi böyük bir ölkəni təcrid edə bilməz.
Kremlin sözçüsü Dmitri Peskov martın 5-də deyib ki, dünya Avropa və ABŞ-ın bir ölkəni təcrid edə bilməyəcəyi qədər böyükdür. Xüsusilə də Rusiya kimi böyük bir ölkəni.
Ancaq buna baxmayaraq, rus rublu çox ucuzlaşıb. Moskva birjası demək olar ki, tamamilə bağlı saxlanılır. İnflyasiya yüksəlib və faiz dərəcələri iki dəfə artıb.
400-dən çox xarici şirkət ölkəni tərk edib.
Bəzi hesablamalara görə, Rusiya iqtisadiyyatı 7-15 faiz arasında kiçilə bilər.
Rusiya hökumətinin borclarını ödəyə bilməyib defolt etmək ehtimalı da narahatlıq doğurur.
"Rusiyada sənayesinin təkərləri dayanmaq üzrədir", - deyə Mironov əlavə edir. Fukart deyir ki, müharibənin dəyərinin Putinin ödəyə biləcəyindən çox olub-olmayacağını müəyyən edəcək iki amil var:
Bunlardan birincisi odur ki, Rusiya ordusunun müdafiə sənayesi Qərbdən texnologiya idxal etmədən davam edə biləcəkmi?
İkincisi, sanksiyaların təsiri Rusiya ictimai rəyində Putinə dəstəyi nə qədər azaldacaq?
Bu sualların cavabı da qarşıdakı həftələrdə aydın olacaq.